AZ

Bakı məktəbləri distant təhsilə hazırdırmı? - EKSPERT AÇIQLADI

Son günlər Bakı şəhərində bir sıra məktəblərin WUF13 tədbiri ilə əlaqədar olaraq müvəqqəti distant tədrisə keçməsi rəqəmsal təhsil infrastrukturunun real vəziyyətini yenidən gündəmə gətirib. “Rəqəmsal məktəb” platforması üzərindən aparılan dərslər bəzi şagirdlər üçün problemsiz davam etsə də, internet kəsintiləri və texniki çətinliklər ciddi narazılıqlar doğurur. Bu vəziyyət ölkənin distant təhsilə nə dərəcədə hazır olduğunu və sistemin dayanıqlılığını sual altına qoyur. Xüsusilə regionlar və paytaxt arasında mövcud fərqlər rəqəmsal bərabərlik məsələsini daha da aktuallaşdırır. Bəs, bu gün Azərbaycanın təhsil sistemi belə qısa müddətli onlayn keçidlərə nə qədər hazırdır? Əsas problem internetin sürətindədir, yoxsa istifadə olunan platformada? Müəllimlərimizin rəqəmsal dərslər keçmək, onlayn metodika ilə işlımək hazırlığı hansı səviyyədədir?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi SİA-ya açıqlamasında bildirib ki, dərslər bəzi ərazilərdə qismən paytaxt vaxtı ilə keçirilir:

"Əvvəl qeyd edildiyi kimi, tədbirin keçiriləcəyi ərazilərdə distant təhsil həyata keçirilir. Qalan digər rayon və bölgələrdə isə hazırda ibtidai təhsil müəssisələrində, ümumtəhsil məktəblərində dərslər əyani qaydada davam edir, paytaxtda isə distant təhsil tətbiq olunur. Bu distant təhsilin keçirilməsində məqsəd fasilələrin olmamasından irəli gəlir. Çünki biz təhsildə fasilələrin olmasını istəmirik. Məsafədən olsa belə, təhsil ən azı davam etməlidir.

Məsafədən təhsilin təşkilində internet vacibdir, elektrik enerjisi təminatı vacibdir. O cümlədən müvafiq platformalardan istifadə etmək üçün ilkin biliklər təhsil verən şəxslərdən tələb olunur. Bununla bağlı təcrübəmiz 2020-ci ildə, xüsusi karantin rejimi dövründə tətbiq olunan distant təhsildən yaranıb. Amma buna baxmayaraq, yenə də müəyyən çatışmazlıqlar var. Bu çatışmazlıqlar internet təminatı, elektrik enerjisinin verilməsi, eləcə də müvafiq platformalardan istifadə zamanı yaranan müəyyən çətinliklərlə bağlıdır.

Amma təbii ki, əgər hansısa bir dövr üçün təhsilin tam şəkildə məsafədən idarə olunması nəzərdə tutulsa, yəni 5–6 gün deyil, 5–6 ay və yaxud da 1 il müddətində həyata keçirilsə, düşünürəm ki, həmin zaman daha çox təcrübə qazanmış olarıq. Amma yenə də müəyyən baza və əsaslar təhsilin idarə olunmasında mühüm rol oynayır".

Müəllif: Arzu Qurbanlı
Seçilən
30
1
sia.az

2Mənbələr