AZ

Prezident “Sea Breeze”i Müasir Urbanizm Modeli kimi qiymətləndirdi

Yazını böyüt
Yazını kiçilt

“Sea Breeze” 17–22 may 2026-cı il tarixlərində Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasında iştirak edir. BMT-Habitat və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum davamlı urbanizasiya, müasir şəhərlərin inkişafı, mənzil siyasəti, infrastruktur və şəhər mühitinin keyfiyyətinə həsr olunmuş ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.

Hafta.az xəbər verir ki, forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev “Sea Breeze” kurort şəhərini müasir şəhərsalma nümunəsi kimi qeyd edib. Dövlət başçısı layihənin müasir şəhər mühitinin inkişafının parlaq göstəricilərindən biri olduğunu vurğulayıb.

Mərasimdə “Sea Breeze” şirkətinin təsisçisi və sahibi Emin Ağalarov da iştirak edib.

WUF13 çərçivəsində “Sea Breeze” öz brend stendi ilə təmsil olunub. Forum iştirakçıları burada kurort şəhərinin konsepsiyası, memarlıq həlləri, infrastrukturu və əsas layihələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Stenddə ilk dəfə olaraq “Caspian Dream Liner” kompleksi, “Halfmoon Island”, “Fire Island” və “Star Island” daxil olmaqla, 23 kilometrlik sahil xəttini əhatə edən, uzunluğu 9 metr olan genişmiqyaslı maket nümayiş etdirilib.

Forum çərçivəsində, həmçinin “Sea Breeze”in 20 illik yubileyi münasibətilə layihənin ətraf mühitin inkişafına töhfəsini əks etdirən xüsusi film təqdim olunub. Filmdə layihənin davamlı inkişaf, yaşıllaşdırma və komfortlu şəhər mühitinin formalaşdırılması istiqamətində uzunmüddətli yanaşması ön plana çıxarılıb.

Həmin gün “Sea Breeze” stendində EcoSphere sosial və ekoloji mərkəzi ilə birgə həyata keçirilən “Spring Lab” təhsil proqramının qaliblərinin mükafatlandırma mərasimi də baş tutub. 6–22 yaş arası uşaq və gənclərdə ekoloji düşüncə və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş proqram çərçivəsində üç qalib layihə seçilib. Layihə müəllifləri pul mükafatı ilə yanaşı, təşəbbüslərini “Sea Breeze”də reallaşdırmaq imkanı əldə edəcəklər.

Emin Ağalarov bildirib ki, iştirakçıların layihələrinin “Sea Breeze”də həyata keçirilməsi imkanından məmnundurlar:

“Əvvəlcə yalnız bir qalib seçməyi planlaşdırırdıq. Lakin təqdim olunan ideyalar o qədər maraqlı və perspektivli idi ki, eyni anda üç layihənin həyata keçirilməsinə qərar verdik”.

EcoSphere sosial və ekoloji mərkəzinin rəhbəri Firuzə Sultan-zadə isə çıxışında qeyd edib:

“Bu təşəbbüsü dəstəklədiyinə görə ‘Sea Breeze’ə təşəkkür edirəm. Dünən keçirilən Uşaq və Gənclər Assambleyasında çox vacib bir mesaj səsləndirildi — uşaqların səsi böyüklər tərəfindən eşidilməlidir. Hər bir şəhər gələcəyin şəhəri və uşaqların şəhəri olmalıdır. Uşaqların fikirlərinin dinlənilməsi və nəzərə alınması böyük əhəmiyyət daşıyır. Bu gün ‘Sea Breeze’ gələcəyin şəhərinin necə olmalı olduğunu praktik şəkildə nümayiş etdirir”.

Forum “Sea Breeze”in müasir, rahat və dayanıqlı şəhər mühitinin yaradılmasına yönəlmiş strateji baxışını bir daha nümayiş etdirir və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır.

Seçilən
31
hafta.az

1Mənbələr