AZ

WUF13: Süni intellekt üzrə müsabiqəyə 30-dan çox ölkədən 285 müraciət daxil olub

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Davamlı şəhərlərin gələcəyində süni intellekt” mövzusunda beynəlxalq gənclər müsabiqəsinə 30-dan çox ölkədən 285-dən çox müraciət daxil olub.

"APA-Economics"in WUF13 çərçivəsində keçirilən “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ICYF ERC) layihə meneceri və İƏT Tələbələr Assosiasiyasının koordinatoru Momeena Mehdi məlumat verib.

Onun sözlərinə görə, müsabiqə Ümumdünya Şəhərsalma Forumu, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), Gənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Gənclər Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Müsabiqənin əsas məqsədi gənclərin süni intellekt əsasında hazırladıqları innovativ həlləri şəhərlərin dayanıqlı inkişafı, iqlim dayanıqlığı və rəqəmsallaşma sahələrinə yönəltmək olub.

Layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 9-cu (sənaye, innovasiya və infrastruktur), 11-ci (davamlı şəhərlər və icmalar), 13-cü (iqlim fəaliyyəti) və 17-ci (tərəfdaşlıqlar) məqsədlərini dəstəkləyir.

Məlumata görə, müsabiqəyə dünyanın 75-dən çox şəhərindən müraciətlər daxil olub.

Təşkilatçılar hesab edir ki, layihə gənclərin innovativ ideyalarının tanıdılmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və gələcək şəhər modellərinin formalaşdırılmasına töhfə verəcək.

Seçilən
8
3
apa.az

4Mənbələr