AZ

Putin “təmizləmə” əməliyyatına BAŞLADI - Şoyqunun kadrları HƏDƏFDƏ

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun kadrlarının “təmizlənməsi” prosesini həyata keçirir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilir.

Analitiklər Rusiya mənbələrinə istinadən qeyd edirlər ki, Dövlət Dumasının Müdafiə komitəsinin sədri, general-polkovnik Andrey Kartapolov vəzifəsindən kənarlaşdırıla bilər. Onun yerini böyük ehtimalla general-polkovnik Aleksandr Lapinin tutacağı gözlənilir.

Məlumata görə, Lapinin namizədliyi hazırda hakim “Yedinaya Rossiya” (Vahid Rusiya) partiyasında nəzərdən keçirilir, lakin yekun qərar hələlik qəbul edilməyib. İlkin məlumatlara görə, o, partiyanın siyahısı ilə Tatarıstandan namizədliyini irəli sürə bilər. Onun hərbi vəzifələrindən istefa verdikdən sonra həmin regionun rəhbəri Rüstəm Minnixanovun müşaviri təyin olunduğu bildirilir.

Komitənin hazırkı sədri Kartapolovun isə növbəti seçkilərdə iştirak etməyəcəyi istisna olunmur. Rusiya Müdafiə Nazirliyindəki mənbə qeyd edib ki, qurum daxilində onun ictimai bəyanatları bəzən “təəccüblə” qarşılanıb.

Bundan əlavə, mənbələr partiyanın Kartapolovun namizədliyini 2021-ci ildə qalib gəldiyi Moskva vilayətindən irəli sürməyəcəyini ehtimal edirlər. Bununla belə, rusiyalı general mayın 18-də verdiyi açıqlamada Dövlət Dumasına ikinci müddətə namizəd olmaq niyyətində olduğunu bəyan edib.

Şoyquya yaxınlığı ilə tanınan Kartapolovun kənarlaşdırılması cəhdi, Putinin keçmiş müdafiə nazirinin təsir imkanlarını zəiflətmək kampaniyası ilə tam üst-üstə düşür.

“Kartapolovun Lapinlə əvəzlənməsi ehtimalı təsdiqini taparsa, bu, Rusiya Prezidenti Vladimir Putinin uğursuz döyüş nəticələrinə baxmayaraq, yüksək rütbəli komandirlərin yerini dəyişdirərək digər vəzifələrə təyin etmək təcrübəsinin davamı olacaq”, - deyə analitiklər vurğulayıblar.

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr