AZ

Xankəndi, Ağdərə və Xocalıya işğal dövründə heç bir investisiya qoyulmayıb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları işğal altında qaldığı dövrdə heç bir ciddi investisiya qoyulmayıb, həmin ərazilər uzun illər ərzində yalnız istismar edilərək yararsız vəziyyətə salınıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən panel çıxışı zamanı onu da bildirib ki, hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri mövcud vəziyyətə uyğun olaraq 4 əsas mərhələni əhatə edir.

Birinci mərhələdə əsas prioritet mina təhlükəsizliyinin təmin edilməsidir. Uzun illər ərzində minalanmış ərazilərin təmizlənməsinin böyük maliyyə və zaman resursları tələb etdiyi diqqətə çatdırılıb.

İkinci mərhələdə işğal dövründən qalmış və tam yararsız vəziyyətə düşmüş enerji, su, qaz, yol, rabitə və digər kommunikasiya şəbəkələrinin yenidən qurulması həyata keçirilir. E. Yusubov vurğulayıb ki, mövcud infrastruktur tam yararsız vəziyyətdə olub.

Üçüncü mərhələdə yaşayış məntəqələrinin bərpası və əhalinin doğma torpaqlarına geri qayıdışının təmin olunması istiqamətində işlər aparılır. Bu çərçivədə fərdi yaşayış evləri ilə yanaşı, məktəblər, tibb müəssisələri, sosial xidmət obyektləri və digər vacib infrastruktur layihələri də icra edilir.

Dördüncü mərhələdə isə dayanıqlı məskunlaşmanın təmin edilməsi məqsədilə iqtisadi inkişaf, məşğulluq və sosial adaptasiya tədbirləri həyata keçirilir. E.Yusubov çıxışında bilidirib ki, azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri zamanı müasir şəhərsalma standartları və innovativ yanaşmalar əsas götürülür. “Yaşıl şəhər” prinsiplərinin tətbiqi, alternativ enerji mənbələrindən istifadə, milli memarlıq irsinin qorunması ilə müasir memarlıq üslubunun uzlaşdırılması və regionun iqtisadi inkişafına töhfə verəcək logistik şəbəkələrin qurulması prioritet istiqamətlərdəndir.

Çıxışda həmçinin qeyd olunub ki, işğal dövründə Azərbaycan memarlıq üslubunu əks etdirən tikililər dağıdılıb, təbii sərvətlər və meşələr qanunsuz istismara məruz qalıb, biomüxtəlifliyə ciddi ziyan vurulub. Hazırda həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.

Seçilən
15
qaziler.az

1Mənbələr