Ermənistanla Azərbaycan arasında sülh danışıqları fonunda anklav kəndlərin taleyi yenidən gündəmə gəlib. Xüsusilə, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Kərki kəndi ilə bağlı səsləndirilən fikirlər regionda yeni siyasi müzakirələr yaradıb. Ekspertlər hesab edirlər ki, Azərbaycanın Qazax rayonuna aid və hazırda Ermənistanın nəzarətində olan 4 kəndin geri qaytarılması məsələsi yaxın dövrdə daha aktiv şəkildə müzakirə oluna bilər.
Bəs bu kəndlərin Azərbaycana qaytarılması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, həmin kəndlərin Azərbaycana qaytarılması real görünür.

“Amma bunu delimitasiya prosesinin və danışıqların tərkib hissəsi kimi görmürəm. Çünki qaytarılmış kəndlərlə bağlı coğrafi vəziyyət müəyyən mənada Azərbaycanın xeyrinə olsa da, Ermənistan üçün ciddi strateji itki yaratmırdı. Həmin ərazilər Ermənistan üçün təhlükə hesab olunmurdu”.
Ekspert qeyd edib ki, Kərki kəndinin vəziyyəti isə fərqlidir. Onun fikrincə, bu məsələ artıq regional kommunikasiya və təhlükəsizlik baxımından daha həssas xarakter daşıyır:
“Kərki kəndinə gəldikdə isə, Ermənistanın İrana və İrəvana gedən əsas strateji magistral yolu həmin ərazidən keçir. Bu yolun Azərbaycan nəzarətinə keçməsi Ermənistan üçün ciddi məsələdir. Burada artıq ölkədaxili kommunikasiya xətlərindən söhbət gedir”.
Ə.Əlibəylinin sözlərinə görə, anklavlarla bağlı məsələlərin gələcəkdə sülh paketinin əsas komponentlərindən biri kimi müzakirəyə çıxarılması mümkündür:
“Hətta Konstitusiyaya dəyişikliklərin də bu proseslə paralel şəkildə referenduma çıxarılması mümkündür. Nəticədə bütün bu məsələlər hüquqi çərçivədə öz əksini tapa bilər”.
Aynurə İsmayıl
KONKRET.az