AZ

Nazir: “Daha çox yol tikmək tıxac problemini həll etmir”

“Biz bağlantını insan potensialına qoyulan investisiya kimi görürük. 2021-ci ildən etibarən tranzit daşımaların həcmi demək olar ki, iki dəfə artıb. Ötən il Avrasiya boyunca təxminən 17 milyon ton yük daşınıb”.
Yenicag.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində “Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq” mövzusunda keçirilən tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, hazırda Orta Dəhliz Mərkəzi Asiyanı birləşdirir və Çindən yola çıxan qatarlar Türkiyə sərhədinə 15-18 gün ərzində çata bilir:
“Lakin yalnız yükdaşımalar bütün mənzərəni əks etdirmir. Bu marşrutların ətrafında yeni logistika mərkəzləri, iqtisadi zonalar və mühüm inkişaf mərkəzləri formalaşır.
Beləliklə, əsas sual yaranır: Biz necə şəhərlər qurmaq istəyirik?
Şəhərin transformasiyasına başlayarkən layihələrdən deyil, məqsədlərdən çıxış etdik. Məqsədimiz vətəndaşların şəxsi avtomobillərdən və taksilərdən ictimai nəqliyyata keçidini təmin etmək idi.
Həmin vaxt Bakı küçələrində təxminən 27 min taksi fəaliyyət göstərirdi. Bu gün yollarda 20 min taksi var və bununla bağlı heç bir sosial problem yoxdur”.
O qeyd edib ki, əvvəllər taksi sürücüləri bəzən 24 saata qədər işləyirdilər:
“Bu gün isə onların iş saatları normallaşıb və orta hesabla səkkiz saat çalışırlar. İş yerlərinin sayı dəyişməyib, sadəcə, xidmət keyfiyyəti yüksəlib.
Biz mikromobilliyə də diqqət yetirdik. Velosipedlər, skuterlər və piyadalar üçün daha geniş imkanlar yaratdıq. Eyni zamanda bunun ətraf mühitə və karbon emissiyalarına təsirini də nəzərə aldıq.
“15 dəqiqəlik şəhər” konsepsiyasını tətbiq etməyə başladıq. Məqsəd insanların məktəblərə, mədəniyyət obyektlərinə, səhiyyə müəssisələrinə və digər vacib məkanlara qısa müddətdə çata bilməsidir”.
R.Nəbiyev əlavə edib ki, cəmiyyətdə uzun illər belə bir fikir mövcud idi ki, tıxac problemini həll etmək üçün sadəcə daha çox yol tikmək lazımdır:
“Lakin beynəlxalq təcrübə göstərir ki, bu, hər zaman problemi həll etmir. Biz yolları bütün nəqliyyat sistemi ilə birlikdə, kompleks şəkildə planlaşdırırıq. Yollar avtobusları, avtobuslar dəmir yolunu, dəmir yolu isə metronu tamamlamalıdır.
Bu gün hər hansı layihəyə investisiya qoyarkən özümüzə bir sual veririk: bu investisiya vətəndaşlara neçə dəqiqə vaxt qazandıracaq?
Son dörd ildə qəbul etdiyimiz bütün qərarların mərkəzində insan dayanıb. Bu məqsədlə rəqəmsal şəhər əkizi yaratmışıq.
Bu alət sayəsində avtobus zolaqlarının, velosiped yollarının və digər infrastrukturun harada tikilməsinin daha səmərəli olacağını əvvəlcədən proqnozlaşdıra bilirik.
Layihəyə başlayanda şəhərdaxili səfərlərin təxminən 50 faizi avtomobil və taksilərin payına düşürdü. Hazırda bu göstəricini 40 faizə endirmişik.
Məqsədimiz 2030-cu ilin sonuna qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. 2017-ci ildə yollarda ölüm göstəricisi hər 100 min nəfərə doqquz nəfər təşkil edirdi. Hazırda bu göstəricini təxminən yeddiyə endirmişik.
Hədəfimiz 2030-cu ilin sonuna qədər bu rəqəmi dördə çatdırmaqdır”.
Seçilən
42
1
yenicag.az

2Mənbələr