AZ

"Bacara biləcəyin şeyləri etməmək cinayətdir..."- "Kubanın müstəqillik həvarisi"ndən aforizmlər

Kulis.az Rəhman Mirzəlizadənin Əməkdar artist, xanəndə Babək Niftəliyevlə müsahibəsini təqdim edir.

- 2014-cü ildə verdiyiniz bir müsahibədə sual verilmişdi ki, əlinizdə olsaydı, həyatınızda nəyi dəyişərdiniz? Demişdiz ki, Qarabağımızı qaytarardım. Bu gün Qarabağ azaddır. İndi eyni sualı vermək istəyirəm: Əlinizdə imkan olsa, nəyi dəyişərsiz?

- Şükürlər olsun, Qarabağımız azaddır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Müzəffər Ali Baş Komandanımızı qorusun. Bu gün yenidənqurma işləri gedir, Qarabağ gözəlləşir. "Şuşanın dağları" dünyaya bütün Qarabağımızdan səslənir.

Əlimdə imkan olsaydı, uşaqlığımı dəyişərdim ki, o məcburi köçkün həyatını görməyim. 8 yaşım var idi. Düşmənlərimiz tərəfindən didərgin düşdük və Gəncədə məskunlaşdıq. O xatirələr heç vaxt gözümün önündən getmir. O köç karvanı, analarımızın, qız-gəlinlərimizin fəryadı qulağımdan getmir. Hamı bilir, Murovdağ silsiləsi necə bir yerdir. Böyük maşınların yük yerində gedirdik. 5 yaşındakı qardaşım atamdan su istədi, atam su tapa bilmirdi. Axırda qarı ocaqda əridib qardaşıma içirdi. Atam o vaxtlar cavan idi. İnsanlarla dolu yük maşınının arxa təkərlərinə daş qoya-qoya Murovdağ silsiləsinin Ömər aşırımına kimi çıxartdı. Maşında çoxlu qız-gəlin var idi. Atam orada çox soyuqlamışdı. İndi də onun əziyyətini çəkir.

İndi Qarabağımıza gedəndə uçub-dağılmış daşı-divarı qucaqlayıram. Düzdü, əvvəlki Kəlbəcər olmasa da, ondan da gözəl olacaq. Biz illərlə düşmənlə mədəniyyət müharibəmizi aparırdıq. Xarici ölkələrdə Qarabağa yazılmış nəğmələri ifa edirdim, bilirdim ki, düşmənlər də gəlib baxacaq. O vaxt ürək yanğısı ilə oxuyurduq o mahnıları, amma bu gün daha ürəklə oxuyuruq.

- Tələbələriniz var. Necədir, razısınız onlardan?

- Əlbəttə. Vitse-prezident, ISESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk ki, 2005-ci ildə muğam müsabiqəsi bizimlə başaldı. Və orada iştirak edən 20 nəfərin yarıdan çoxu fəxri adlarla təltif edilib. Yeni gənclərimiz üzə çıxır.

- Bəzən deyirlər ki, indi əvvəlki kimi muğam dinlənilmir.

- Üzeyir Hacıbəyov deyirdi, elə musiqi var baş yellədir, elə musiqi var ayaq. Bizim muğamımız baş yellədir. Öz ağırlığı var. Xarici ölkələrə gedəndə onları məhz Azərbaycan muğamı ilə təəccübləndirə bilirik. Bir də aşıq janrıdır.

- Sizin saz təhsiliniz də var.

- Bəli. 5 illik saz musiqi təhsilim var. 4 illik Gəncə Musiqi məktəbini, Asəf Zeynallı adına musiqi kollecini, Milli Konservatoriyanı və magistratura pilləsini bitirmişəm. 2014-cü ildən də müəllim kimi çalışıram.

- İllər əvvəl demişdiniz ki, Alim Qasımovukumiriniz kimi görürsüz. Hələ də elədir?

- Bakıya gələndə aldığım ilk kasetlərdən biri Alim Qasımovun "Osmani zərb-muğamı" idi. Təsadüfi deyil ki, bu muğam mənim ifamda müsabiqədə səs-küyə səbəb oldu. Hətta Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyanda Alim müəllim məni gördü, dedi, "Osmani"ni kimdən öyrənmisən? Dedim, yarısını Seyid Şuşinskidən, yarısını sizdən öyrənmişəm.

- Şəxsiyyət və sənət arasında paralel olmalıdır?

- Şəxsiyyət və sənət yarı-yarıya olmalıdır. Kim olursan ol, şəxsiyyətin, sanbalın olmalıdır. Sənət sonra gəlir. İkisi də gözəl olanda daha gözəl olur. Elə sənətkarlar olub ki, vaxtilə çox pərəstiş etmişəm, amma tanıyandan sonra demişəm, yox, bu, mən sevdiyim sənətçi deyil.

- Belə fikir var ki, aşıqlar həmişə kasıbın süfrəsində olub, amma muğam bəylərin, zənginlərin məclislərində.

- O bölgədən asılıdır. Ona görə, muğam məhz Qarabağda, saz isə Kiçik Qafqazda, Tovuz, Qazax, Gədəbəydə daha çox qabarıb.

- Çox vaxt deyirlər ki, ən yaxşı muğam Qarabağdan çıxıb. Hətta belə bir ifadə də işlədilir ki, Qarabağda çağa seygah üstündə ağlayır.

- Bütün bölgələrdən tələbələrim var. Keçmişə nəzər salsaq, məsələn, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu- Qarabağda olublar. Amma ümumi Azərbaycanın bir muğamı var.Əvvəl o səslər daha çox yetişirdi, indi neçə ildən bir olur. Övladlarım da oxuyur, onların ikisi tələbəmdir. Kiçik oğlum da xanəndədir. Bu, gendən gəlir. Cavidan müsabiqə qalibidir. Gözəl səsləri var. Öz övladlarım olduğuna görə demirəm. Bütün bölgələrimizdən gözəl səslərimiz var. Muğam yaxın Şərqdə yaranıb. Onun ən gözəli, ən zəngini də bizdədir. Üzeyir bəy muğamları nota köçürdü.

- Bizim muğam əvvəl daha çox fars muğamının təsirində idi. Üzeyir bəy o təsirdən çox uzaqlaşdırdı.

- Üzeyir bəy tardakı o yarımpərdələri çıxartdı. Bu pərdələr xanəndənin öz boğazında var. Onlar ərəblərdə, türklərdə daha çoxdur. Üzeyir bəy muğamı daha çox milliləşdirdi.

- Ara-sıra bu müzakirə ortaya düşür ki, muğam insanı yatırdır, təslimçiliyə aparır. Muğamda təslimçilik var?

- Sözlərin elə təsiri var ki, təslim də edə bilər, ağlada da bilər, güldürə də.

- Muğam insanı güldürə bilər?

Bəli. Elə sözlər oxuya bilər ki, gülə də bilərsən.

- Bu necə olur bəs?

- Muğam ciddi sənətdir. Sadəcə sözlər dəyişsə, kiminsə elə bir qoşmasını oxuyarsan ki, güldürər. Əgər şair onu gülməli yazıbsa, gülə də bilərsən.

- Muğamda o səsin özündə bir kədər var.

- Kədər deməzdim. Muğamın ab-havası var. Cahargah oxuyursan, döyüş ruhu var. Sovet dövründə Humayun muğamını, Bayatı-Qacarı oxumağa icazə vermirdilər.

- Kədərli olduğuna görə?

- Bəli. Amma bu gün hamısını oxuyuruq. Onları unudulmağa qoymuruq. Muğam düşündürür. Hətta o səni tərbiyələndirir. Muğam pərişan da edə bilər. Burada sözün qüdrəti vacibdir.

- Xanəndələrin əsas qazanc yeri toylardır...

- Toylar və müəllimlik fəaliyyəti. Amma müəllim kimi məvacib yüksək olsa, xanəndə toylara gedəndə daha seçici olar. Toy əgər əziyyətlidirsə, özünü oraya hədər etməyə dəyməz.

- Avroviziyada son illər milli elementlərdən istifadə edilir. Sizcə, necə alınır? Olmalıdırmı?

- Əlbəttə. Bütün musiqilər - repdən, caza, roka, meyxanaya, estradaya qədər hamısı muğama söykənir. Hazırda kimsə muğam yarada bilməz. Yeni nələrsə qata bilərsən, amma muğam yarada bilməzsən. Xanəndəni arıya bənzədirəm, hər çiçəkdən, xanəndədən bir şey götürüb öz tərzini yaradır.

- Toylar peşəkar musiqiyə necə təsir edir?

- Toyda başdan ayağa muğam oxumuruq ki. Şən musiqilər oxuyuruq, qonaqları rəqsə dəvət edirik. İndi bəy-gəlinin toya daxil olması ilə bağlı yeni bir şey üzərində işləyirəm. "İncə bellim"lə bəy-gəlini zala daxil edirəm. İndi yeni bir proyektimiz var, onu açıqlamıram. O daha gözəldir.

- "İncə bellim" bəzi toylarda istifadə edilir.

- Bu, bizim musiqimizdir. Bunu ilk dəfə Gülyaz, Gülyanaq bacılarında gördüm. Bu yenilikdir. Əsas odur ki, yad bir musiqi səslənmir. Toylarda yad musiqinin əleyhinəyəm.

İndi efirlərdə yeni bir söz çıxarıblar: "toy böyük məktəbdir". Əvvəl çadır toylarında xanəndələr olurdu. Bir-biri ilə bəhs edib daha yaxşı oxuyurdular. Bakı toylarında muğam oxuyurdun, bir də baxırdın kimsə yaxınlaşıb qulağına deyir ki, filan qəzəli düz oxumadın. Bakı kəndlərindən dünyalar qədər razıyam. Mən Bakı kəndlərində püxtələşmişəm.

- Necə?

- Məsələn, Rast dəstgahı oxuyurdum. Bir az keçəndən sonra yeni qonaqlar gəlirdilər. Yenə deyirdilər ki, Rast dəstgahı oxu. Onda deyə bilmirdin ki, indi oxudum axı. Artıq qəzəlləri, repertuarı dəyişirdin.

- Televiziyalarda şou-biznes müğənnilərinə xanəndələrdən daha çox yer verilir...

- Son dönəmlər efirlərimizə bəzi qadağalar qoyuldu. Bəzi dırnaqarası ifaçılar sıradan çıxdılar. Mənşəyi bilinməyən mahnılar oxuyurdular. Küçədə olan sözləri işlədirdilər. Artıq təmizlənib və bu, davam edir. Əvvəl senzura var idi. Müğənninin geyiminə və oxuduğu mahnılara uyğunluğuna baxılırdı. Senzuralar mütləq olmalıdır. Əvvəllər səsi olanlar gəlirdilər sənətə. İndi nə qədər adam pula görə gəlir. Elə bilirlər, gəlib yanımda bir az hazırlaşıb gedib toylardan pul qazanacaqlar.

- Efirlərdə "dresskod" olmalıdır?

- Baxır hansı janrda. Məsələn, rep ifaçısı kostyumda gələ bilməz axı. Muğam ifaçısı rahat geyinməlidir. Milli geyim, butalı köynək olar. Rahat deyəndə cins şalvar nəzərdə tutmuram. İnsan kostyumda da narahat hiss edə bilir. Biz də öz həyatımızda rahat geyimlər geyinirik. Amma bir dəfə bir yerdə idman geyimində idim. Təklif etdilər ki, oxuyum. Dedim, oxuyacaq geyimdə deyiləm. Hətta böyüK məbləğ təklif edildi. Dedim, pula görə sənətimi qurban verə bilmərəm. Geyim şərtdir.

Seçilən
32
kulis.az

1Mənbələr