AZ

Nazir müavini: Növbəti fundamental istiqamət kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

Bakı, 19 may, AZƏRTAC

Erkən xəbərdarlıq mexanizmləri sadəcə təhlükə barədə məlumatlandırma vasitəsi deyil. Bu, risklərin öncədən proqnozlaşdırılması, düzgün idarəetmə qərarlarının qəbulu, təbii resursların qorunması və ümumi məhsuldarlığın təminatıdır. Bu xüsusda, dəqiq aqrometeoroloji proqnozların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiyası mühüm strateji addımdır. Aqrometeoroloji datanın EKTİS vasitəsilə istehsalçılara operativ şəkildə ötürülməsi təsərrüfat fəaliyyətinin idarəolunmasında yeni keyfiyyət mərhələsi yaradır.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, həmin sistem vasitəsilə fermerlər aqrotexniki prosesləri elmi əsaslarla planlaşdırmaq, şaxta, quraqlıq, dolu və digər iqlim risklərinə qarşı qabaqlayıcı tədbirlər görmək, bitki və heyvan mənşəli məhsulları potensial təhlükələrdən effektiv qorumaq, təsərrüfat planlamasını iqlimə uyğunlaşdırma imkanı və s. əldə edirlər. Nəticədə, məhsul itkisi minimuma endirilir, aqrar sahədə maliyyə dayanıqlığı artır və ölkənin ərzaq balansının sabitliyi gücləndirilir.

"Strategiyamızın növbəti fundamental istiqaməti kənd təsərrüfatında resursların səmərəli idarəolunması məqsədilə Süni İntellekt (Sİ) əsaslı sistemlərin tətbiqidir. Müasir rəqəmsal texnologiyalar bizə yalnız məlumat toplamaq deyil, böyük həcmli verilənləri analiz edərək optimal qərarlar qəbul etmək imkanı verir. Həmçinin 2024–2026-cı illəri əhatə edən “Aqrar Süni İntellekt” layihəsi çərçivəsində kənd təsərrüfatında müasir texnoloji həllərin tətbiqi davam edir. Hazırda ölkə üzrə 180-dən çox iqlim stansiyasının göstəriciləri, peyk görüntüləri və torpaq analizləri vahid sistemdə birləşdirilib. Bu baza vasitəsilə indiyədək 315 mindən çox fermerin və 636 min hektardan artıq sahənin məlumatları təhlil olunub. Layihə çərçivəsində məhsuldarlıq proqnozu, bitki sağlamlığı və suvarmanın idarəedilməsi üzrə hazırlanmış 33 modeldən 14-ü artıq inteqrasiya mərhələsindədir. Qalan modellərin isə ilin sonunadək tamamlanması nəzərdə tutulur. Hazırda sistemin e-Agro, EKTİS və Yonca platformalarına inteqrasiyası yekunlaşmaq üzrədir. Bu addım kənd təsərrüfatının rəqəmsal idarəetməsini daha da dayanıqlı edəcək", - deyə İlhamə Qədimova vurğulayıb.

Müxbir - Göyçək Mahmudlu,
Fotoqraf - Elşad Mirzə
Videooperator - İlham Nadirov
Seçilən
33
1
azertag.az

2Mənbələr