Xəbər verdiyimiz kimi, Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.
Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin bağlı olması 2020-ci ildə pandemiya dövründən qalan qadağalardan irəli gəlir:
"Son illər bütün dünyada baş verən geosiyasi vəziyyətin də nəzərə alındığını hesab edirəm. Quru sərhədlərinin nə zaman açılacağı, təbii ki, ölkə rəhbərliyinin səlahiyyətində olan məsələdir. Hazırda sərhədlərin hansı formada açılacağı ilə bağlı tam qərar verilməyib. Lakin əldə olunan məlumatlara görə, Tbilisi ilə Bakı arasında qatar reysinin açılması ehtimalı müzakirə olunur. Bu addımın mayın 26-dan etibarən həyata keçirilməsi nəzərdə tutulur. Ancaq qeyd edim ki, ötən il də bu məsələ gündəmə gəlmişdi. Qatar reysinin və dəmir yolunun istifadəyə verilməsi planlaşdırılsa da, məsələ hələlik tam həllini tapmayıb".

Müsahibimizin fikrincə, bu addım Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımız üçün məqbul ola bilər:
"Çünki orada yaşayan həmvətənlərimizin Azərbaycanla qohumluq əlaqələrini davamlı şəkildə saxlaması baxımından gediş-gəlişə müsbət təsir göstərəcək. Eyni zamanda Gürcüstandan Azərbaycana turist axınının artmasına da töhfə verə bilər. Məncə, bu, qarşılıqlı turist mübadiləsinə şərait yaradacaq. Bunun müsbət tərəflərini görürəm. Amma yenə də ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət bizim üçün prioritet məsələdir. Biz vətəndaşlar olaraq dövlət rəhbərliyinin verdiyi qərarları qəbul edir, dəstəkləyirik. Atılan bütün addımlar düşünülmüş şəkildə həyata keçirilir və hər bir halda xalqın təhlükəsizliyi, sağlamlığı, eyni zamanda sosial rifahı nəzərə alınır. Quru sərhədlərinin nə vaxt açılacağı isə yenə də aidiyyəti yuxarı instansiyaların verəcəyi qərardan asılı olacaq", - deyə ekspert əlavə etdi.
Xədicə BAXIŞLI