AZ

İran düyünü: danışıqlar, sanksiyalar və Hörmüz xətti

Hazırda İran ətrafında əsas gündəm ABŞ-la aparılan danışıqlar, nüvə proqramı, sanksiyaların mümkün yumşaldılması, neft ixracı, Hörmüz boğazı və regionda təhlükəsizlik balansıdır. Türkiyə xarici işlər naziri Hakan Fidanın son açıqlamaları da göstərir ki, Ankara Vaşinqtonla Tehran arasında tam qarşıdurmadan daha çox mərhələli anlaşma variantını mümkün sayır.

Son günlər Hakan Fidan və İran XİN rəhbəri Abbas Əraqçi danışıqlar prosesini müzakirə ediblər.  Digər tərəfdən, ABŞ-ın İranla bağlı şərtləri, nüvə obyektlərinin gələcəyi və müharibənin dayandırılması məsələsi hələ də əsas fikir ayrılığı olaraq qalır.   Hörmüz boğazı ətrafındakı gərginlik isə məsələni təkcə siyasi yox, həm də enerji və qlobal ticarət problemi kimi gündəmdə saxlayır.

Mövzunu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Alim Nəsirov qeyd edib ki, İran və ABŞ arasında ortaq məxrəc mümkündür, amma bu, böyük və yekun razılaşma şəklində olmayacaq. Hazırda tərəflər daha çox mərhələli kompromisə meyllidirlər. ABŞ İranın nüvə proqramı və regional təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Tehran isə sanksiyaların real şəkildə yumşaldılmasını və təhlükəsizlik təminatı almağı hədəfləyir.

Onun sözlərinə görə, bu iki yanaşma arasında ciddi ziddiyyət var, amma tam qarşıdurma da heç bir tərəfin marağında deyil. Ona görə yaxın dövrdə məhdud razılaşma, humanitar və iqtisadi güzəştlər, danışıqların davam etdirilməsi daha real görünür.

Müsahibimiz bildirib ki, nüvə proqramı İran məsələsinin mərkəzində dayanır, çünki Qərb bunu regional təhlükəsizlik üçün əsas risk hesab edir:

"ABŞ və müttəfiqləri İranın nüvə imkanlarının hərbi istiqamətə keçməsindən narahatdır. İran isə nüvə proqramını suveren hüquq və təhlükəsizlik məsələsi kimi təqdim edir. Burada problem yalnız texniki yox, həm də siyasi etimad problemidir. Beynəlxalq Atom Enerjisi Agentliyinin rolu da məhz bu etimad boşluğunu azaltmaqdan ibarətdir. Əgər nəzarət və şəffaflıq mexanizmləri üzrə anlaşma əldə olunsa, danışıqlarda irəliləyiş mümkündür".

Alim Nəsirov: Hörmüz boğazı İranın əlində ən ciddi geosiyasi təzyiq alətlərindən biridir

Sanksiyaların yumşaldılmasının İranın regiondakı mövqeyinə təsitrnə gəlincə, siyasi şərhçi qeyd edib ki, sanksiyaların yumşaldılması İran üçün ilk növbədə iqtisadi nəfəs imkanı deməkdir. Neft ixracı, bank əməliyyatları və xarici ticarət sahəsində müəyyən açılma Tehranı daxildə daha rahat vəziyyətə gətirə bilər. Bu isə İran rəhbərliyinin danışıqlarda daha praqmatik davranmasına şərait yarada bilər. Onun fikrincə, amma sanksiyaların yumşaldılması avtomatik olaraq İranın siyasətinin dəyişməsi demək deyil. Tehran bu imkandan həm iqtisadi sabitləşmə, həm də regional mövqelərini qorumaq üçün istifadə etməyə çalışacaq. Buna görə də Qərb güzəştləri mərhələli və şərtli şəkildə verməyə üstünlük verir.

"Hörmüz boğazı bu prosesdə niyə bu qədər önəmlidir" sualını cavablandıran A.Nəsirov bildirib ki, Hörmüz boğazı İranın əlində ən ciddi geosiyasi təzyiq alətlərindən biridir. Bu boğazdan enerji daşıyıcılarının keçməsi onu təkcə regional yox, qlobal təhlükəsizlik məsələsinə çevirir. İran hər dəfə təzyiq altında qalanda Hörmüz kartını gündəmə gətirir. ABŞ isə bu boğaz üzərində İranın faktiki nəzarət iddiasını qəbul etmək istəmir.

"Burada hərbi risklə yanaşı, neft qiymətləri, yükdaşımalar və qlobal bazarlar üçün də ciddi təhlükə yaranır. Ona görə İran və ABŞ danışıqlarında Hörmüz məsələsi ayrıca yox, ümumi təhlükəsizlik paketinin əsas hissəsi kimi müzakirə olunur", - deyə Alm Nəsirov əlavə edib.

Zülfü Məmmədov

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr