AZ

39 qadın qısqanclıq zəminində qətlə yetirilib 

"2025-ci ildə Azərbaycanda qadınlara qarşı 6572 cinayət, məişət zorakılığı ilə bağlı isə 8889 müraciət qeydə alınıb. Ötən il 46 qadın insan alverinin qurbanı olub, ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı 39 ölüm faktı qeydə alınıb".

Ölkə.az xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 8889 müraciət qeydə alınıb. 2024-cü ildə bu rəqəm 9014, 2023-cü ildə 9389, 2022-ci ildə isə 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.

Qeyd olunub ki, məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1202-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 53-ü qəsdən adam öldürmə, 30-u qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam öldürməyə cəhd, 6-sı əzab vermə, hərəsi bir fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və qanunsuz azadlıqdan məhrum etmə, 19-u digər növlərdir.

Hesabatda vurğulanıb ki, ümumilikdə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən 143 cinayət törədilib. Onlar tərəfindən eyni maddə üzrə təkrar hüquqazidd əməl qeydə alınmayıb.
Məlumata əsasən, 2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb, 1413 zərərçəkmiş şəxs (qadın – 1176, kişi – 237) müəyyən edilib. 2024-cü ildə isə 1471, 2023-cü ildə 1513 cinayət qeydə alınıb.

Sənəddə qeyd edilib ki, 2025-ci ildə ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 39 cinayət qeydə alınıb. 2024-cü ildə bu rəqəm 42 olub.
Həmçinin bildirilib ki, 2025-ci ildə qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət qeydə alınmayıb.

Hesabatda bildirilib ki, ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 152 insan alveri, 1 məcburi əmək, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 45 cinayət qeydə alınıb. Cinayətlərdən zərər çəkmiş 46 qurbanın hamısı qadın olub.
Qeyd olunub ki, 2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 162 insan alveri cinayəti qeydə alınıb. Cinayətlərdən zərər çəkmiş 91 qurbanın 90-ı qadın olub.

Mürtəza

Seçilən
21
1
olke.az

2Mənbələr