AZ

“Mango” markasının sahibini oğlu öldürüb?

İspaniya mətbuatının yaydığı məlumatlara görə, “Mango” geyim dizaynı və satışı şirkətinin təsisçisi İsak Andiçin 2024-cü ildə Montserrat dağlarında baş verən ölümü ilə bağlı istintaqda mühüm dönüş yaranıb.

“Cebheinfo.az” xəbər verir ki, yerli polis Andiçin oğlu Conatan Andiçi qətl şübhəsi ilə saxlayıb. 

Hadisə əvvəlcə təxminən 100 metr hündürlükdən yıxılma nəticəsində baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilsə də, sonradan əldə olunan yeni dəlillər əsasında araşdırma yenidən aparılır.

Hadisə zamanı atası ilə birlikdə olan və “Mango” şirkətinin idarəçiliyində fəal rol oynayan Conatan Andiç uzun müddətdir istintaqın diqqət mərkəzində idi.

O, indiyədək atasının ölümü ilə bağlı günahsız olduğunu bəyan etsə də, Kataloniya polisi tərəfindən toplanan yeni materiallardan sonra qətl şübhəsi ilə dindirilmək üçün polis nəzarətinə götürülüb. Ailə isə onun günahsız olduğuna inandığını bildirib.

Qeyd edək ki, İstanbulda sefard yəhudi ailəsində anadan olan İsak Andiç 14 yaşında İspaniyaya köçüb və Barselonanın moda sənayesinin inkişafında mühüm rol oynayıb.

O, “Mango” markasının qlobal moda nəhənglərindən birinə çevirməyi bacarıb. 71 yaşlı iş adamı 2024-cü ilin dekabrında Montserrat dağlarında gəzinti zamanı hündürlükdən yıxılaraq həyatını itirmişdi. Ölüm ilkin mərhələdə qəza kimi qeydə alınmışdı.

“Forbes” jurnalının 2024-cü il məlumatına görə, İsak Andiç təxminən 4,5 milyard avro sərvəti ilə İspaniyanın ən varlı iş adamlarından biri sayılırdı. 

Bu böyük mirasın və “Mango” şirkətinin gələcəyinin saxlanılma qərarından necə təsirlənəcəyi hələ məlum deyil.

İstanbuldan Barselonaya uzanan uğur hekayəsinin belə faciəli hadisə və ağır ittihamlarla gündəmə gəlməsi moda və biznes dünyasında geniş rezonans doğurub.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr