Azərbaycanda peşə təhsilinin inkişafı son illərdə təhsil siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Əmək bazarının tələblərinə uyğun ixtisasların artırılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi, eləcə də peşə təhsilinin cəmiyyətdə nüfuzunun yüksəldilməsi istiqamətində müxtəlif təşəbbüslər irəli sürülür.
Bəs peşə təhsilinə marağın artırılması və bu sahənin daha cəlbedici olması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, peşə təhsil müəssisələrinə marağın artırılması üçün irəli sürülən təkliflərdən biri yüksək texniki peşə səviyyəsi üzrə məzunlara təyinat verilməsidir:

"Gələcəkdə peşə tədrisi müəssisələrində təyinat meyarlarının tətbiqi təhsilin bu seqmentinə diqqəti daha çox artıra bilər. Həmçinin, təkcə bəlli sayda yox, yüksək texniki peşə səviyyəsi üzrə tədrisin aparıldığı bütün ixtisaslarda oxuyan tələbələr üçün Təhsil Tələbə Kredit Fondunun həyata keçirdiyi standart və sosial tələbə kreditlərinin tətbiqi də şagirdlərin peşə təhsil müəssisələrinə marağını artıracaqdır. Ümumiyyətlə, qarşıdakı illərdə səviyyəsindən asılı olmayaraq bütün növ peşə təhsili müəssisələrində tələbə kreditlərinin verilməsi bu təhsil növünə olan maraq və münasibəti müsbət istiqamətə xeyli dəyişmiş olacaqdır".
"Peşə təhsili müəssisələrinə qəbul şərtlərinin sadələşdirilməsi, bir neçə vacib məqamın xüsusi nəzərə alınması sorğu iştirakçılarının böyük əksəriyyətinin əsas istəklərindən olub",- deyə E.Nuri fikrinə əlavə edib:
"Respondentlər peşə təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınan attestat qiymət göstəriciləri meyarının aradan qaldırılmasını kəmiyyət sorğusu zamanı xüsusi qabardıblar. Bundan əlavə, şərtlərin tamamilə dəyişdirilməsini istəyən respondentlərin sayı heç də az deyil. PTDA-nın və ETN-nin bu istiqamətdə zəruri addlmlar atması, qəbul şərtlərinə yenidən baxılması peşə təhsili seqmenti üçün vacib addımdır.
Orta məktəbdə zəif oxuyan şagirdlərin peşə təhsili müəssisələrinə icbari şəkildə cəlb edilməsi məsələsinə baxılması, tədris göstəriciləri ilə əmək bazarının tələb-təklifləri arasında ziddiyyətlərin varlığı da keyfiyyət sorğusunda iştirak edən ekspertlərin toxunduğu əsas məsələlərdən olmuşdur. Orta məktəblərdə zəif oxuyan, davranışları ilə dərsin gedişatına mane olan şagirdlərin icbari şəkildə peşə tədrisi müəssisələrinə cəlb edilməlidir.
Tədqiqatda peşə təhsili müəssisələrində gələcəkdə fiziki əngəlli və yaşlı insanlara xidmət ixtisaslarının da tədrisi xüsusi vurğulanıb. Bu profil üzrə ixtisaslarla bağlı beynəlxalq təcrübənin öyrənilməsi və yaxın gələcəkdə tədris proqramına daxil edilməsi arzu olunur".