AZ

Ukraynanın yeni müharibə strategiyası var və artıq nəticələr göstərir - KİV

Ukraynada müharibənin yeni strategiyası formalaşıb və bu yanaşma artıq nəticə verməyə başlayıb. 

HİT.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşrinin materialında bildirilir.

Məqalənin müəllifi, alman jurnalist Pol Hokenos qeyd edir ki, Ukrayna prezidenti Volodimir Zelenski hələ bir il əvvəl müharibənin yeni konsepsiyasını açıqlayıb — müharibəni Rusiya ərazisinə “geri qaytarmaq”.

“Bizə müharibə Rusiyadan gətirilib və sülh üçün təzyiq də Rusiyaya edilməlidir”, — Zelenskinin 2025-ci ilin martında səsləndirdiyi sözlər sitat gətirilir.

Materialda qeyd olunur ki, Ukrayna artıq uzunmüddətli və itkilər bahasına başa gələn klassik hücumlardan daha çox uzaqmənzilli zərbələrə üstünlük verir. Bu strategiya Rusiya ərazisində hərbi və enerji infrastrukturuna, silah istehsalına və logistika mərkəzlərinə zərbələr endirməyi nəzərdə tutur.

Nəşrin yazdığına görə, bu yanaşma Rusiyanın iqtisadi imkanlarını zəiflətmək, hərbi istehsalını çətinləşdirmək və ictimai ruh halına təsir göstərmək məqsədi daşıyır.

Məqalədə bildirilir ki, Ukrayna demək olar ki, gündəlik olaraq Rusiya ərazisində enerji obyektlərinə, hərbi zavodlara və komanda mərkəzlərinə zərbələr endirir. Eyni zamanda cəbhədə hər ay on minlərlə Rusiya hərbçisinin sıradan çıxarıldığı qeyd olunur.

Ekspertlərin fikrincə, bu strategiya Qərb müttəfiqlərinə Ukraynanın yalnız müdafiə olunmadığını, həm də Rusiyaya real zərbə vurmaq gücündə olduğunu göstərmək məqsədi daşıyır. Bu isə gələcək danışıqlarda Ukraynanın mövqeyini gücləndirə bilər.

Həmçinin bildirilir ki, neft infrastrukturu və zavodlara zərbələr Rusiyanın gəlirlərinə təsir göstərir və bu, Kremlin iqtisadi planlarını çətinləşdirir.

Məqaləyə əsasən, Rusiya ordusunun cəbhədə irəliləyişi praktiki olaraq dayanıb. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, hətta bəzi ərazilərdə Rusiya geri çəkilmələr də yaşayıb.

Ekspertlər hesab edirlər ki, Ukraynanın uzaqmənzilli zərbələri Rusiyanın hərbi potensialını zəiflədir və onun hücum imkanlarını məhdudlaşdırır.

Məqalədə iddia olunur ki, Rusiyada müharibənin gedişi ilə bağlı narahatlıq artır. Hətta Kreml 9 Mayla bağlı bəzi addımları yumşaltmağa məcbur olub və bu, Ukraynanın təzyiq imkanlarını göstərir.

Bəzi rus mənbələrinə istinadla qeyd edilir ki, Rusiya hakimiyyəti mümkün sülh razılaşmasını “qələbə” kimi təqdim etməyə hazırlaşır və müharibənin məqsədlərini azaldır.

Eyni zamanda ölkə daxilində iqtisadi və sosial təzyiqlərin artdığı, hərbi iqtisadiyyata keçidin çətinliklər yaratdığı bildirilir.

Məqalədə qeyd olunur ki, Ukrayna yalnız uzaqmənzilli zərbələrə deyil, həm də pilotsuz sistemlərə, dəniz dronlarına və kəşfiyyat texnologiyalarına güvənir. Qara dənizdə nəzarət, FPV dronlardan geniş istifadə və xüsusi əməliyyatlar da bu strategiyanın tərkib hissəsidir.

Ekspertlərin fikrincə, Ukrayna qısa müddətdə Rusiyanı tam geri çəkilməyə məcbur etməyə çalışmır, lakin onun əsas məqsədi Rusiyanın “zamanın onun tərəfində olduğu” düşüncəsini zəiflətməkdir.

Samir

Seçilən
1
hit.az

1Mənbələr