AZ

Ailəmizi niyə, nədən, necə qorumalıyıq? KÜNCDƏN BAXIŞ

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Bayramlı

Azərbaycan cəmiyyətində ailə dəyərləri milli-mənəvi dəyərlər sisteminin ən əsas hissəsi kimi qəbul olunur. Təəssüf ki, son dövrlərdə milli ailə sistemimiz ciddi deformasiyaya məruz qalıb. Qlobal tendensiyalar, yeni psixologiyanın və yeni həyat tərzinin "müasirlik" adı altında təbliğ olunması bizim milli ailə modelimizə mənfi təsir edibə. Bunu statistik göstəricilərdə də açıq şəkildə görürük. Son illərdə boşanmaların sayı sürətlə artaraq 50 faizə yaxınlaşıb. Bu, çox yüksək göstəricidir. Bundan əlavə, evlənmələrin sayı da təxminən 2 dəfə azalıb. Bu da başqa bir problemdir. Digər problem isə ailələrin biruşaqlı modelə keçməsidir. Ən yaxşı halda iki uşaqla kifayətlənirlər. Bu isə milli ailə modelinə zidd olan bir tendensiyadır.

Bu məsələdə əsas səbəbləri göstərsək, birinci və ən güclü səbəb mənəvi deqradasiyadır, mənəvi dəyərlərin dəyişməsidir. Milli-mənəvi dəyərlərimizdən, ailə dəyərlərimizdən uzaqlaşmaq, "müasirlik" adı altında yad dəyərlərin qəbul olunması, eyni zamanda gənclərin psixologiyasının dəyişməsi, eqoist əhval-ruhiyyənin güclənməsi, yalnız özü üçün yaşamağa çalışan insanların formalaşması ailə məsuliyyətini arxa plana keçirir. Bu psixologiyada formalaşan insanlar ailə qurmağa da maraq göstərmirlər.

İkinci səbəb isə sosial-maddi problemlərdir. Sosial və maddi səbəblərə görə evlənə bilməyən insanlar var və bunu başa düşmək olar. Amma maddi və sosial problemi olmayan insanların da evlənməkdən imtina etməsi onu göstərir ki, burada ciddi mənəvi deqradasiya problemi mövcuddur. Mənəvi səbəblərin rolu azı 90 faizdir. Lakin, sosial-iqtisadi şərtlər də prosesə təsir göstərir. Ev almağın çətinləşməsi, iş və məşğulluq problemləri, gəlirin azlığı bir çox insanı evlənməkdən imtina etməyə məcbur edir. Bu, bütün ölkələrdə müşahidə olunan qlobal bir tendensiyadır. Təəssüf ki, biz də bu təsirlərə məruz qalırıq. Bu proses milli demoqrafik vəziyyətimizi də kəskinləşdirir. Əhalinin artımı azalır, əhali strukturunda yaşlı nəslin payı artır, gənclərin sayı isə azalır. Bu isə strateji planda ciddi təhlükədir. İndiki vəziyyəti "yeni ailə modeli" adlandırmaq olmaz. Bu, yeni ailə modeli deyil, fərdi yaşama prinsipidir. Ailənin əsas modeli ənənəvi ailə modelidir. Dünyada ən yaxşı modellərdən biri də Azərbaycan ailə modelidir. Təəssüf ki, biz bunu qoruyub saxlaya bilmirik.

Hesab edirəm ki, burada bir neçə istiqamətdə iş aparılmalıdır. Birincisi, milli-mənəvi dəyərlərimiz təbliğ olunmalı, bunun əksinə olan təbliğatlar dayandırılmalıdır. Uşaqlarımızı və gənclərimizi bu psixologiyada böyütməli, milli ailə dəyərlərimizi qorumağa həvəsləndirməliyik.

İkinci tərəf isə sosial-iqtisadi şərtlərin yaxşılaşdırılmasıdır. Gənclərin evlənmək üçün müəyyən maddi imkanlara malik olması vacibdir. Məsələn, güzəştli şərtlərlə sosial evlərlə təmin olunmaları, iş və məşğulluq problemlərinin həll edilməsi, normal gəlir əldə etmələri üçün şərait yaradılması kimi tədbirlər həyata keçirmək lazımdır ki, ailə qurmaqda maraqlı olsunlar. Bu istiqamətdə iş aparılsa, milli ənənəvi ailə modelimizi bərpa edə bilərik. Bu da strateji baxımdan əhalinin artımını və yenilənməsini təmin edən sağlam bir proses olar. Bunun üçün hər cür imkanımız var. Dövlətin maliyyə və iqtisadi imkanları, sosial siyasəti buna şərait yaradır, sadəcə bu istiqamətdə fəaliyyət daha da gücləndirilməlidir.

Digər tərəfdən, minillərlə formalaşmış dəyərlər modelimiz var. Sadəcə onu düzgün təbliğ etməli, uşaqlarımızı və gənclərimizi həmin dəyərlər əsasında formalaşdırmalıyıq. Bu, son dərəcə vacib məsələdir. Çünki dünyanın bir çox ölkələrində bu prosesin hansı nəticələrə gətirib çıxardığı artıq məlumdur. Bir çox ölkələrdə ciddi demoqrafik və sosial problemlər yaranıb, əhalinin qocalması prosesi sürətlənib. Buna görə də həmin ölkələr artıq ciddi tədbirlər görməyə başlayıblar. Onlarda bu proses çoxdan gedir, bizdə isə son illərdə sürətlənib. Buna görə də bizim imkanlarımız daha böyükdür ki, bunun qarşısını vaxtında alaq və vəziyyəti normallaşdıraq.

Yalnız sağlam ailə modeli əsasında sağlam cəmiyyət formalaşdıra bilərik. Sağlam cəmiyyət isə güclü dövlətin qarantıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
sesqazeti.az

1Mənbələr