AZ

"Azərbaycan qlobal məkanda xüsusi çəkisi və səsi olan aparıcı dövlətə çevrilib" – ÖZƏL

"Euronews" televiziyasına müsahibə verən prezident İlham Əliyev bildirib ki, Bakıda keçirilən WUF13 forumunu Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Prezident Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin postmünaqişə dövrü üçün nümunə ola biləcəyini bildirib. O, həmçinin Azərbaycanın 16 ölkəyə qaz ixrac etdiyini, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb və ölkənin diplomatiyanın tərəfdarı olduğunu qeyd edib. 

"Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları Azərbaycanın beynəlxalq nüfuzunun ifadəsi kimi qiymətləndirilməlidir. WUF13 tədbirinin də Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq məkanda yüksəldiyi səviyyəni bir daha nümayiş etdirir. İndiyədək Azərbaycanda dəfələrlə analoji beynəlxalq tədbirlər təşkil olunub. Üstəlik, həmin beynəlxalq tədbirlər ən yüksək səviyyədə, yüksək təşkilatçılıq standartları çərçivəsində keçirilib və beynəlxalq tədbirlərin təşkili baxımından bütün dünyaya nümunə olub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, indi WUF13 tədbirinin də belə yüksək səviyyədə keçirilməsi növbəti dəfə bütün dünyaya göstərir ki, Azərbaycan bu cür tədbirlərin təşkilində böyük təcrübəyə malik olan bir dövlətdir. Bu isə Azərbaycanın qlobal nüfuzunun daha da yüksəlməsinə müsbət təsir göstərir. Təbii ki, bütün bunlar onu da göstərir ki, Azərbaycan artıq beynəlxalq siyasi məkanın aparıcı dövlətləri sırasına daxil olub. Azərbaycanın mövqeyi və siyasi iradəsi qlobal məkanda xüsusi əhəmiyyət daşıyır. Dünyanın idarə olunması prosesində artıq Azərbaycanın səsi eşidilir və ölkəmizin mövqeyi nəzərə alınır. Bu da onu göstərir ki, Azərbaycan artıq tamamilə fərqli prioritetləri, fərqli hədəfləri və perspektivləri olan bir dövlətə çevrilib. Bu baxımdan Azərbaycanın qarşısında yeni və ciddi imkanlar açılır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Azərbaycan hazırda öz beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, bütün dünyaya inkişaf perspektivlərinin uğurlu nümunələrini də təqdim edir. Buna misal olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesini göstərmək olar.

"Qarabağda həyata keçirilən ağıllı şəhər layihələri bütün region üçün xüsusi əhəmiyyət daşıyır. Həm Cənubi Qafqaz ölkələri, həm də dünyanın müxtəlif dövlətləri Azərbaycanın bu layihələrindən nümunə kimi istifadə etmək imkanına malikdirlər. Ümumiyyətlə, son dövrlərdə Azərbaycan bir çox istiqamətlər üzrə qlobal miqyasda nümunəvi təşəbbüslərlə çıxış etməyi bacaran dövlətə çevrilib. Ən progressiv ideyaların müəlliflərindən biri kimi Azərbaycan artıq dünyanın diqqət mərkəzində olan və təcrübəsi örnək götürülən dövlətlərdən biri kimi xüsusi diqqət çəkməyə başlayıb", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr