Dünyada infeksion xəstəliklərin yayılma tezliyi artır və yeni pandemiya riski ilə bağlı xəbərdarlıqlar daha da intensivləşir. Qlobal Pandemiyaya Hazırlıq Monitorinq Şurasının (GPMB) son hesabatına görə, mövcud investisiyalar artan bioloji risklərlə ayaqlaşmır, geosiyasi gərginliklər və ekoloji böhranlar isə bu sahədəki müdafiə sistemlərini daha da zəiflədir.
Hesabatda qeyd olunur ki, son on ildə Ebola, COVID-19 və meymunçiçəyi kimi epidemiyalar fonunda dünya səhiyyə sistemi diaqnostika, vaksin və müalicəyə əlçatanlıq baxımından irəliləyiş deyil, əksinə müəyyən geriləmələr yaşayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə xəbərdarlıq edir ki, yeni pandemiya yalnız sağlamlıq böhranı deyil, həm də qlobal iqtisadi və siyasi parçalanmanı daha da dərinləşdirə bilər. Eyni zamanda, süni intellekt və rəqəmsal texnologiyalar erkən xəbərdarlıq sistemlərini gücləndirsə də, nəzarət mexanizmləri zəif olduqda yeni təhlükələr də yarada bilər.
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Bu zamana kimi söylənilən problemlərə yanaşmalar, təəssüf ki, müəyyən güclərin əlində olub. Yəni, Ümumdünya Səhiyyə Təşkilatının aparıcı elmi mərkəzlərinin tövsiyələrinə əsasən fəaliyyət göstərən, xəstəliklərin müalicəsi və profilaktikası üzrə nəzarət mərkəzləri mövcuddur. Bunlar nüfuzlu elmi qurumlardır və ümumilikdə bizi gözləyən bütün xəstəliklər, bioloji faciələr və hadisələr əvvəlcədən proqnozlaşdırılır. Məsələn, müxtəlif virus daşıyıcıları — COVID, koronavirus, qrip, həmçinin hantavirus və sairə gələcəkdə pandemiya yarada biləcək təhlükəli xəstəliklər kimi qiymətləndirilir. Necə ki, qrip və koronavirus dəfələrlə pandemiya yaradıb, hantavirusla bağlı da belə risklər mövcuddur, çünki bu mutasiya olunan virusdur. Amma hazırkı mərhələdə bu risk yoxdur, lakin gələcəkdə insanların yoluxma yolları dəyişə bilər bu gün bir formada, sabah isə hava-damcı yolu ilə ola bilər”.
Professor əlavə edib ki, bütün bunların əsasında dayanan qlobal faktor isə əhali artımıdır:
“Həddindən artıq insan artımı floranın və faunanın sistematik şəkildə sıradan çıxması ilə müşahidə olunur. Atmosferin karbon qazı ilə həddən artıq çirklənməsi insan fəaliyyəti nəticəsində baş verir və nəticədə Yer kürəsinin istilik tənzimləmə mexanizmləri pozulur. Məsələn, Xəzər dənizinin suyunun azalması çox təhlükəli bir tendensiyadır. Bu hövzəyə bir çox dövlətlər və milyonlarla insan bağlıdır. Əgər Xəzər dənizinin temperaturu orta hesabla yarım dərəcə yüksələrsə, bu, ciddi buxarlanma prosesinə səbəb ola bilər və nəticədə Bakı şəhərində və ətraf ərazilərdə güclü yağışlar müşahidə oluna bilər. Necə ki, bunlar artıq baş verir və günümüzün reallığıdır. Ona görə də biz bu məsələlərə qlobal yanaşmalıyıq. Xəstəliklər də paralel olaraq inkişaf edir. Ayrı-ayrı virusların fəallaşması, sıradan çıxan növlərdən insana keçməsi yeni və təhlükəli bioloji mənzərə yaradır.
Ona görə proqnozlaşdırılmayan, hətta gözlənilməyən bioloji fəsadlar baş verə bilər ki, bu, bəşəriyyətin gələcəyini, hətta dünyanın demoqrafik və etnik tərkibini dəyişə bilər. Təbii ki, bu, iqtisadi parçalanmalara da gətirib çıxara bilər və sair. Bunlar barədə qlobal düşünmək lazımdır , bu, elmi yanaşmadır.
Necə ki, bu illər ərzində milyardlarla vəsait bəzən səmərəsiz şəkildə qlobal istiləşmə mövzulu, nəticəsiz konfranslara sərf olunub. Amma bu proseslər hələ də davam edir. Mən hesab edirəm ki, məsələyə sistemli yanaşılmalıdır. Bu istiqamətdə elmi mərkəzlər yaradılmalı, mərkəzlər koordinasiyalı işləməlidir və konkret nəticələr verməlidir. Çünki bu məsələ bir konfransla həll oluna bilməz”.
Afaq Mirayiq,
Musavat.com