AZ

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb. Kreml sahibi səfərdən bir gün əvvəl videomüraciət formasında açıqlama verərək iki ölkə arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. Putinin Pekinə səfəri ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən bir neçə gün sonraya təsadüf etdiyinə görə, Rusiya Prezidenti açıqlamasında zəruri əlavəsini də unutmayıb: “Rusiya-Çin dostluq münasibətləri hər hansı bir ölkəyə qarşı yönəlməyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya porezidenti iki ölkə arasında iqtisadi əməkdaşlığı ön plana çəkərək ikitərəfli ticarət dövriyyəsinin 200 milyard dolları keçdyini və hesablaşmaların rubl və yuanla həyata keçirildiyini xatırladıb:

“Vladimir Putin iki ölkə arasındakı əlaqələrin qarşılıqlı anlaşma və etimada, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla bir-birinin əsas maraqlarına dəstək üzərində qurulduğunu vurğulayıb. Putin Rusiya ilə Çin arasındakı sıx əlaqələrin strateji xarakter daşıdığı qənaətindədir. Onun fikrincə, belə bir tandem qlobal miqyasda sabitləşdirici rol oynayır.

Əslində Rusiya-Çin münasibətlərindəki real vəziyyət Putinin söylədiyi kimi deyil. Bu münasibətlər getdikcə birtərəfli xarakter alıb. Rusiya 2022-ci ildə Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropaya sata bilmədiyi neft və qazın böyük həcmini Çinə istiqamətləndirib. Rusiya 2024-cü ildə Çinə təxminən 129 milyard dollar dəyərində mal göndərib – bunların böyük əksəriyyəti xam neft, kömür və təbii qazdan ibarət olub. Ümumilikdə müharibə başladıqdan bu yana Çin Rusiyadan 372 milyard dollar həcmində neft və təbii qaz və digər yanacaq məhsulları alıb. Bunun qarşılığında Rusiya Çinə böyük endirimlərə getmək məcburiyyətində qalıb.

 

Beləliklə, Rusiya Çindən əldə etdiyi maliyyə hesabına Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək imkanı qazanıb. Ona görə Qərb ölkələrində belə bir rəy var ki, Pekin Moskvaya təsir etsə, Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Pekinin Rusiya hakimiyyətinin siyasətinə təsir etmək fikri yoxdur. Əksinə, Çin qonşusuna hərbi sahədə də yardımlarını əsirgəmir.

Çin Rusiyaya hazır hərbi texnikanın birbaşa ixracını dayandırsa da, qonşusuna milyardlarla dollar dəyərində ikili təyinatlı mallar – hərbi tətbiqi olan mülki məhsullar və texnologiyalar tədarük edib. Bunlar Rusiyanın müdafiə sənayesinin davamlılığına kömək edib. Rusiya həm Çin bazarından, həm də texnologiyalarından asılı vəziyyətə düşüb. Bu ona görə baş verib ki, ABŞ, Avropa Birliyi ölkələri və Böyük Britaniya yarımkeçiricilərin, mikroelektronikanın, dəqiq dəzgahların və silah istehsalı üçün vacib olan digər ikili təyinatlı malların Rusiyaya ixracını qadağan ediblər. Bu isə Rusiya sənayesində kəskin çatışmazlıqlar yaradıb. “Blumberq” agentliyinin məlumatına görə, Çin texnologiyası Rusiyaya raketlər, dronlar və digər silahlar istehsalını davam etdirməyə və hətta genişləndirməyə imkan verib və müharibə iqtisadiyyatını işlək vəziyyətdə saxlayıb”.

Politoloq əmindir ki, müharibə bitdikdən sonra Rusiyanın Çindən asılılığı azalmayacaq:

“Çinin Rusiya-Ukrayna müharibəsində birincinin məğlubiyyətində maraqlı olmamasının başqa səbəbi də var və bu səbəbi Çinin xarici işlər naziri Van Yi bir neçə ay əvvəl Brüsseldəki görüşlərində açıq səsləndirmişdi: “Rusiya müharibədə məğlub olarsa, ABŞ Çini hədəf götürəcək”. Yəni Van Yi demək istəyib ki, nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, ABŞ Çinin artan gücünün qarşısını ala bilməyəcək. Pekin eyni səbəbdən İrandakı rejimin də ABŞ qarşısında məğlub olmasını istəmir”.

Seçilən
6
1
konkret.az

2Mənbələr