AZ

WUF13 Azərbaycanın şəhərsalma strategiyasının və regional liderlik ambisiyalarının beynəlxalq təqdimat platformasıdır - ŞƏRH

Bakı, 19 may, AZƏRTAC

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) təkcə urbanistika və memarlıq məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil. Bu tədbir, əslində, Azərbaycanın son illərdə formalaşdırdığı inkişaf modelinin, xüsusilə postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma və dayanıqlı inkişaf strategiyasının qlobal səviyyədə təqdimatı kimi də qiymətləndirilməlidir. Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində etdiyi çıxışında məhz bu xətti ön plana çıxarır. Dövlətimizin başçısının nitqində vurğulandığı kimi, şəhərsalma yalnız tikinti və infrastruktur məsələsi deyil, həm də tarixi yaddaşın qorunması, sosial rifahın təmin olunması, milli kimliyin saxlanılması və gələcək inkişafın strateji planlaşdırılmasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, 182 ölkədən iştirakçının qatıldığı WUF13 miqyasına görə Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biridir. Prezident İlham Əliyevin COP29 ilə paralel apararaq vurğuladığı məqam da, şübhəsiz ki, təsadüfi deyil. Əgər COP29 qlobal iqlim gündəliyinin əsas platformalarından biri hesab olunursa, WUF13 artıq urbanizasiya, dayanıqlı şəhərlər və insan mərkəzli inkişaf məsələlərinin əsas beynəlxalq müzakirə meydanıdır. Azərbaycanın hər iki platformaya ev sahibliyi etməsi ölkənin beynəlxalq siyasi çəkisinin artmasının və qlobal idarəetmə proseslərində daha fəal iştirakının göstəricisi kimi qiymətləndirilə bilər.

Azərbaycanın urbanizm fəlsəfəsi: Qədimlik və müasirliyin vəhdəti

“Bakı nümunəsi üzərindən təqdim edilən “qədimliklə müasirliyin vəhdəti” konsepsiyası əslində Azərbaycanın urban inkişaf modelinin fəlsəfəsini ifadə edir. İçərişəhərin qorunması ilə paralel müasir şəhər infrastrukturunun yaradılması, XIX əsr Avropa memarlıq irsi ilə yeni şəhərsalma layihələrinin uyğunlaşdırılması Azərbaycanın şəhərsalma siyasətində milli identiklik faktorunun mühüm yer tutduğunu göstərir.

Burada mühüm məqamlardan biri odur ki, Prezident çıxışında urbanizasiya prosesini yalnız paytaxt Bakının inkişafı ilə məhdudlaşdırmadı. Dövlətimizin başçısının Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ, Lahıc kimi qədim şəhər və yaşayış məkanlarını nümunə göstərməsi də təsadüfi deyil. Bu yanaşma Azərbaycan dövlətinin regional inkişaf siyasətinin və tarixi-mədəni irsin müasir inkişaf konsepsiyasına inteqrasiyasının göstəricisidir. Əslində, bu yanaşma postsovet məkanında tez-tez müşahidə olunan “tarixi dağıdaraq modernləşmə” modelindən fərqlənir. Azərbaycan modeli daha çox “mühafizə edərək inkişaf etdirmək” prinsipi üzərində qurulub.

Prezident İlham Əliyevin çıxışının ən mühüm siyasi və humanitar hissəsi isə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu hissə urbanistika məsələsini sırf memarlıq və tikinti çərçivəsindən çıxararaq onu postmünaqişə reabilitasiyası və insan hüquqları kontekstində təqdim edir. Prezidentin çıxışında Ağdamın “Qafqazın Xirosiması” kimi təqdim olunması beynəlxalq auditoriyaya yönəlmiş ciddi siyasi mesaj kimi qəbul olunmalıdır. Çünki burada söhbət yalnız dağıdılmış şəhərlərdən getmir, bütöv bir regionun sosial, iqtisadi və mədəni həyatının sistemli şəkildə məhv edilməsindən gedir”,-deyə A.Kərimli qeyd edib.

Deputatın sözlərinə görə, Prezidentin nitqlərində konkret bərpa göstəricilərinin yer alması, postmünaqişə dövründə icra olunan layihələrin nəhəng miqyasını və dövlətin güclü iqtisadi potensialını nümayiş etdirir. Əslində, bu layihələr yalnız fiziki infrastrukturun bərpası deyil, həm də yeni regional iqtisadi modelin qurulması deməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulması Azərbaycanın urban inkişaf strategiyasını gələcək texnoloji çağırışlarla uzlaşdırmaq cəhdidir.

WUF13: Bakının ekoloji transformasiyası və yeni şəhərsalma fəlsəfəsi

O deyib: “Çıxışda xüsusi diqqət çəkən digər istiqamət ekoloji transformasiya ilə bağlıdır. Məlum olduğu kimi, Bakı uzun illər neft sənayesinin yaratdığı ağır ekoloji problemlərlə üzləşmiş şəhər kimi tanınırdı. Prezidentin Qara şəhərin Ağ şəhərə çevrilməsi ilə bağlı dedikləri urban ekoloji siyasətinin praktiki nəticələrinin qeyd olunmasıdır. Bu transformasiya Azərbaycanın enerji ölkəsindən yaşıl keçid strategiyasına doğru hərəkət etdiyini göstərən simvolik nümunələrdən biri kimi də qiymətləndirilə bilər.

WUF13-ün Bakı üçün və ümumilikdə Azərbaycan üçün əhəmiyyəti yalnız onun beynəlxalq tədbir statusu ilə məhdudlaşmır. Forum Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən birinə çevrilir. Çünki urbanistika artıq qlobal siyasətdə yalnız şəhər idarəçiliyi məsələsi deyil, bu sahə iqtisadiyyat, iqlim siyasəti, sosial inteqrasiya, texnologiya, təhlükəsizlik və humanitar inkişaf kimi istiqamətlərlə birbaşa bağlıdır. Azərbaycanın bu platformada fəal iştirak etməsi ölkənin beynəlxalq gündəlikdə yalnız enerji və geosiyasət aktoru kimi deyil, həm də inkişaf və modernizasiya modeli təqdim edən dövlət kimi çıxış etməsinə imkan yaradır”.

Seçilən
15
1
azertag.az

2Mənbələr