Dövlət başçımız İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib, qlobal əhəmiyyət daşıyan siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi mühüm platformalardan birinə çevrilibdir. Ölkəmizin artan beynəlxalq nüfuzu, təhlükəsizlik və sabitlik mühiti, eləcə də müasir infrastruktur imkanları Azərbaycanın dünyanın diqqət mərkəzində olan mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsinə geniş imkan yaradıbdır.
Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən müxtəlif forum, sammit və konfransların keçirildiyi mühüm mərkəz kimi tanınır. Belə nüfuzlu tədbirlərdən biri də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasıdır (WUF13). Bu forum şəhərsalma, dayanıqlı inkişaf, urbanizasiya və müasir şəhər idarəçiliyi sahəsində qlobal çağırışların müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş imicinin bariz göstəricisidir.
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.Cənab Prezident çıxışı ilə Azərbaycanın şəhərsalma siyasətini milli inkişaf modeli ilə yanaşı, həm də qlobal urban gündəliyin tərkib hissəsi kimi təqdim etdi.
Dövlət başçımızın vurğuladığı kimi, WUF13-ə 182 ölkədən 45 mindən artıq iştirakçının qatılması Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi qabiliyyətinin sistemli şəkildə artdığını bir daha nümayiş etdirir. Cənab Prezident ölkəmizin COP29-a uğurlu ev sahibliyini xatırlatdı. Bu kimi mühüm tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin son illərdə qlobal təşkilatçılıq mərkəzi kimi formalaşdığını göstərir.
Dövlət başçımız Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsinin ölkəmizin memarlığında da əks olunduğunu bildirib.
Belə ki, Bakı şəhərində İçərişəhər kimi qədim məkanlarla müasir urban infrastrukturunun yanaşı mövcudluğu ölkəmizin şəhərsalma fəlsəfəsinin əsas elementlərindəndir.
Bundan başqa, ölkəmizdə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar da mövcuddur. Bütün bunlar Bakıda qədimliklə yenilik, tarixi irsin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında vəhdət yaradır.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizdə urban inkişafın prioritet siyasət sahəsi kimi qəbul olunduğunu göstərir. Bu çərçivədə 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda Ağdam, Zəngilan və Xankəndi kimi şəhərlərdə keçirilən milli forumlar post-münaqişə bərpa prosesinin institusionallaşdırıldığını nümayiş etdirir. Bu kimi tədbirlər şəhərsalmanı yalnız Bakı mərkəzli deyil, bütün ölkə üzrə strateji inkişaf xətti kimi formalaşdırmağa təkan verir.
Dövlət başçımız çıxışında Azərbaycanın müxtəlif şəhərlərinin tarixi və memarlıq irsini sistemli şəkildə təqdim edərək ölkəmizin urban kimliyini “dərin tarixi qatlara malik sivilizasiya modeli” kimi izah edir.
Şamaxı, Gəncə, Şəki, Qəbələ və Naxçıvan kimi şəhərlərin misal gətirilməsi təkcə coğrafi müxtəlifliyi deyil, həm də Azərbaycan şəhərsalma ənənəsinin çoxqatlılığını vurğulayır.
Bu kontekstdə Şuşa xüsusi simvolik məna daşıyır. Cənab Prezident nitqində Şuşanı həm dağıntıdan sonra bərpa edilən şəhər, həm də milli mədəni yaddaşı yenidən qurulan mərkəz kimi təqdim etdi. Bu konkekstə, şəhərsalmanın sadəcə fiziki infrastruktur deyil, eyni zamanda, siyasi-mədəni identiklik aləti olduğu bir daha aydın olur.
Azərbaycanın dövlət siyasətində tarixi irsin qorunması yalnız mədəni məsələ kimi deyil, həm də milli kimliyin və dövlət davamlılığının strateji elementidir. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Bakı və digər qədim Azərbaycan şəhərləri memarlıq nümunələri ilə tarixin canlı daşıyıcısıdır. Qız qalası kimi abidələrin bu günədək qorunması və bərpası dövlətin tarixi irsə sistemli yanaşmasının göstəricisidir.
Bu yanaşma, təkcə keçmişin saxlanılması deyil, həm də onun gələcək nəsillərə ötürülməsi məqsədini daşıyır. Tarixi abidələrin ziyarətə açıq olması isə mədəni irsin ictimai yaddaşda canlı saxlanılmasına xidmət edir.
Dövlət başçımızın şəhərsalma siyasətinə dair verilən mesajlarında diqqət çəkən əsas məqamlardan biri də inkişafla tarixi irsin qorunması arasında balansın zəruriliyidir. Bakı Qran-Prisi ilə aparılan müqayisə bu balansın simvolik ifadəsidir. Belə ki, yüksək sürətli inkişaf prosesləri ilə yanaşı, tarixi mühitə maksimum həssas yanaşma tələb olunur.
Bu model göstərir ki, müasir urbanizasiya yalnız texniki və infrastruktur layihələri deyil, həm də mədəni və tarixi məsuliyyət tələb edən kompleks prosesdir.
Cənab Prezidentin çıxışının ən mühüm strateji istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlıdır. Uzun illər işğal altında qalmış bu ərazilərin tamamilə dağıdılması regionun bərpasını həm infrastruktur, həm də sosial-iqtisadi baxımdan mürəkkəb prosesə çevirib.
Ağdamın “Qafqazın Xirosiması” kimi xarakterizə olunması bu dağıntının miqyasını beynəlxalq auditoriyaya çatdıran siyasi metafora kimi çıxış edir. Lakin bu gün dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı dağıdılmış şəhərlərin yenidən dirçəldilməsi baxımından dövlətin sistemli və mərhələli yanaşmasını nümayiş etdirir.
Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Tunellər, körpülər, elektrik stansiyaları, su təchizatı sistemləri və hava limanları kimi layihələr paralel olaraq sosial reinteqrasiya prosesini də dəstəkləyir.
Artıq on minlərlə insanın geri qayıdaraq həmin ərazilərdə yaşaması, dövlətimizin bu regionları təkcə bərpa etmədiyini, həm də funksional həyat məkanına çevirdiyini göstərir. Eyni zamanda, məşğulluq və sənaye zonalarının yaradılması uzunmüddətli dayanıqlılıq məqsədini daşıyır.
Dövlət başçımızın çıxışında Bakı nümunəsi ətraf mühit siyasətində dönüşümün simvolu kimi təqdim olunur. Uzun illər sənaye çirklənməsinə məruz qalan şəhərin son 20 ildə ekoloji baxımdan yenidən qurulması şəhərsalma siyasətinin mühüm komponentidir.
Qara şəhərdən Ağ şəhərə keçid, Böyükşor və Bibiheybət ərazilərinin transformasiyası, yeni parkların və ictimai məkanların yaradılması urban ekosistemin yenilənməsi istiqamətində aparılan sistemli siyasətin nəticəsidir. Bu proses isə öz növbəsində təkcə ekoloji deyil, həm də sosial rifahın artırılmasına xidmət edir.
Azərbaycanın şəhərsalma və bərpa siyasəti tarixi irsin qorunması, müasir infrastrukturun yaradılması, ekoloji balansın təmin edilməsi və sosial reinteqrasiya kim çoxqatlı strateji model üzərində qurulub.
Bu modelin əsas ideyası ondan ibarətdir ki, inkişaf yalnız fiziki dəyişiklik deyil, həm də tarixi yaddaşın, milli kimliyin və gələcək nəsillərin həyat keyfiyyətinin qorunması ilə ölçülür.
Şübhəsiz ki, ölkəmizdə indiyədək uğurla keçirilmiş digər beynəlxalq tədbirlərdə olduğu kimi, WUF13 də yüksək təşkilatçılıq səviyyəsi, genişmiqyaslı iştirak və məzmunlu müzakirələrlə yadda qalaraq, dünya miqyasında nümunəvi tədbirlərdən birinə çevriləcəkdir.
Bu forum həm şəhərsalma sahəsində qlobal əməkdaşlığın dərinləşməsinə töhfə verəcək, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və təşkilatçılıq potensialını bir daha nümayiş etdirəcəkdir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini