Bakının Buzovna qəsəbəsinin sakit parklarından birində görüşdük Samirə Yusifqızı ilə. Ətraf yaşıllıq, yüngül meh, uzaqdan gələn dəniz havası… Müsahibə üçün bu məkanı məhz özü seçmişdi. Deyir, təbiətin qoynunda olanda insan daha rahat danışır. Elə görüşümüz də rəsmi müsahibədən çox, səmimi bir söhbət kimi keçdi. Bəzi məqamlarda güldü, bəzi suallarda isə illərdir ürəyində saxladığı sözləri heç çəkinmədən danışdı.
“De, gəlsin” yarışmasının ona qazandırdığı məşhurluq, qadın meyxanaçı olmağın çətinlikləri, hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ilə münasibəti, efirlərdən uzaq düşməsi…
“Yeni Sabah”ın müsahibi meyxanaçı Samirə Yusifqızıdır.
- Sizi xalq daha çox “De, gəlsin”dən meyxanaçı kimi tanıyır, amma son illər özünüzü müğənni kimi təqdim edirsiniz. Səbəb nədir?
- Mən “De, gəlsin”dən əvvəl “Toylar kraliçası” musiqi yarışmasının qalibi olmuşam. “De, gəlsin”dən sonra xalq məni daha çox sevdi. Bundan peşman deyiləm. Azərbaycanda ilk xanım meyxanaçı oldum. Ümumiyyətlə, hər sahədə birinci olmağı sevən insanam. Əgər bir işə başlayıramsa, gərək birinci olum. Olmayacağamsa, o işə girişmirəm. Bu mənim xasiyyətimdir. Meyxanada da tək xanım oldum, bu, mənim üçün böyük şərəfdir. Əvvəllər qadınlar, yaşlılar meyxananı bəyənmirdi, ancaq kiçik çevrədə - kişilər olan məclislərdə sevilirdi. Böyükdən, kiçiyə qədər çox adama, hətta qadınlara da meyxananı sevdirdim. Hətta qız toylarına, xına məclislərinə gedib meyxana deyirdim. Xalq məni meyxanaçı kimi qəbul etdi, bu cür sevdi. Buna şadam.
- “De, gəlsin”dən əvvəl də meyxana deyirdiniz?
- Meyxananı çoxdan deyirdim, sadəcə geniş auditoriyaya yaymırdım. Çox az adam - yalnız meyxanaçı dostlarım bunu bilirdi. Amma mənim musiqi karyeramı meyxana sıfıra endirdi. Mən 1994-95 ci illərdə rəhmətlik Ağasəlim Çıldaq, Molla Məhəmməd, Məşədi Baba, Aydın Xırdalanlı ilə meyxana demişəm.
- “De, gəlsin” Samirə Yusifqızını məşhurlaşdırdı, yoxsa müğənni Samirəni kölgədə qoydu? Heç olubmu “kaş o yarışmaya qatılmazdım” deyəsiniz?
- O vaxt rəhmətlik Kərim, Vüqar və Ağamirzə ilə birlikdə məclislərin birində meyxana demişdik. Həmin meyxananı kasetə yazıb satışa vermişdilər. Həmin dövrdə populyar olan “Sara”, “ABA” kimi telekanallar mənim üzərimə axın etdilər ki, sənin haqqında veriliş çəkirik, sənədli film hazırlayırıq və s. Amma o vaxt meyxanaya yaxşı baxmırdılar, xüsusi ilə bir xanımı meyxanaçı kimi qəbul etmirdilər. Ona görə də mən qəti şəkildə hamısına “yox” dedim. Çünki həmin dövrdə Xalq artisti, bəstəkar Faiq Sücəddinovla, Mobil Babayevlə fond üçün silsilə mahnılar üzərində işləyirdik. Bu səbəbdən estrada və muğamla meyxana heç cür alınmırdı. Həmin vaxt meyxananı arxa plana atdım, satışa çıxarılan bütün kasetləri də alıb sındırdım. Amma bəzi insanlar o kasetləri hələ də saxlayır. Hər bir halda meyxana mənim 17 illik musiqi savadımı, sənətimi aşağı endirdi. Tərəzinin digər gözündə meyxana daha ağır gəldi.

- Nizami Rəmzinin qızı açıqlamalarının birində demişdi ki, siz o vaxt efirdə söylədiyiniz meyxananı əvvəldən yazıb, əzbərləyib demisiniz. Bu ittihama cavabınız nədir? Doğrudan Oqtay “De, gəlsin”də öncədən sizə qafiyələr hazırlayırdı?
- Allah Nizami Rəmziyə rəhmət eləsin. Bu ittihamlar gülməlidir. Mən həmin yarışmadan əvvəl də meyxana demişəm, elə Nizami Rəmzinin özü ilə də. İllərlə biz onunla birgə məclislərdə iştirak etmişik. Onun bir çox şedevr musiqiləri ilk dəfə elə mənim yanımda məclislərdə səslənib. Söhbət 1994-96-cı illərdən gedir. Biz birgə yəhudi toylarında günlərlə meyxana demişik. Nizami Rəmzi ilə birgə o qədər məclis aparmışıq ki…
Bu sözləri onun qızı Reyhan yox, Heyran söyləmiş olar. Çünki Reyhan yaxşı bilir ki, mən bədahətən meyxana deyə bilirəm. Heyranın da Allah köməyi olsun, mən onun xətrini çox istəyirəm. Amma haqqıma girməsin…
- Samirə xanım, bu gün efirdə görünən meyxanaçıların neçəsi həqiqətən bədahətən deyə bilir?
- Bu gün bədahətən meyxana deyə bilən söz ustadları kifayət qədər çoxdur. Maşallah, gənclər də yetişir. Əvvəllər meyxananın ünvanı Bakı kəndləri idisə, indi Azərbaycanın bütün regionlarından söz ustadları çıxır. Göyçay, Beyləqan, hətta Naxçıvanda da meyxanaçılar yetişir. Bu, insanın fitri istedadıdır. Sadəcə meyxananın dili Bakı ləhçəsidir. Burada “ağrın alem”, “qadoyu alım”, “həncəri?” deyə bilməzsən. Meyxana sırf “qədeş dili” tələb edir. Bu isə bakılılara məxsusdur deyə, meyxananın məskəni Bakı sayılır. Gənclərimiz çox inkişaf edirlər. Gedib ustadları ilə birgə çay süfrəsi arxasında meyxana deyirlər, rədifləri müzakirə edirlər.
- Gənclər inkişaf edir deyirsiniz, amma sanki onlar əvvəlki söz ustadları kimi deyə bilmirlər… Söz qüvvətdənmi düşüb?
- Tamaşaçının zövqü düşüb. Əvvəllər xalq ancaq meyxana istəyirdi. Ağamirzə həmişə deyirdi ki, biz o vaxt çırtma ilə meyxana demişik. Onlar kibrit qutusuna çırtma vurub deyişiblər. Bax, o, əsl meyxana idi. Meyxana deyiləndə heç bir musiqi aləti olmamalıdır, sadəcə ritmlə deyilir. Amma bu gün meyxanalar musiqilidir. Elə biri də Oqtayla mən. Musiqili meyxana deyirdik və insanlar da bizi elə qəbul edirdi. Bu gün meyxanaçılarımız muğam da oxuyurlar, başqa musiqi də ifa edirlər. Çoxu meyxanadan uzaqlaşıb məclislərə müğənni kimi gedir. Meyxana ona görə qüvvətdən düşüb, artıq meyxana qalmayıb, olub başdan-ayağa musiqi. Meyxana fitri istedaddır, Allah vergisidir. Hər kəsə bu vergi nəsib olmur.
- Hələ də meyxana deyirsiniz, yoxsa ancaq müğənnilik fəaliyyəti ilə məşğulsunuz?
- Əlbəttə, deyirəm. Elə ötən gün məclisdə idik - Oqtay, mən, Balaəli, İfrat… Yaxşı pul verəndə meyxana deyirik.

- Bəs qadın olduğunuz üçün meyxanada sizə qarşı qərəz hiss etmisiniz?
- Əlbəttə! Bu, hazırda da davam edir. Amma bunu haradasa başa düşürəm. Məsələn, bir kişi dırnaq ustası olanda bizə necə qəribə gəlirsə, qadının meyxana deməsi də o cürdür, adətən, qadının kişilərin içində meyxana deməyi qəbul olunmur. Bunun səbəbləri var. Birincisi, qadın tonallığı ilə kişi tonallığı eyni deyil. Səsin ahəngi var. Kişilərin səsi bəm olur. Mən məclisdə olanda istər-istəməz məcbur oluram ki, kişilərin səsinə uyğunlaşıb meyxananı bəm deyim. Çünki zildən deyəndə qışqırıb deyirsən. Meyxana zildən deyilməz.
İkinci çatışmazlıq ondadır ki, kişilər deyişmədə bəzən müəyyən hədləri keçə bilirlər. Məsələn, “Sənin nənən babamın sevgilisi olub”, “Babam atana...” və s. Onlar deyişmədə bir-birlərinə ilişirlər, söz atırlar. Amma bunu mənə qarşı edə bilmirlər, çünki qadınam. Onda da meyxananın ləzzəti, duzu itir. Deyişmədə ki, tappa-tap döşəmədin marağı olmur.
Bu cür deyişmələr Oqtayla mənim aramda olub. Məsələn, Rusiya toylarında bu cür deyişmişik. Amma həmin məclisdə nə telefon, nə çəkiliş olmayıb. Sırf deyişmə olub və qonaqlar dinləyib. Orada nəyi var deyişmişik… Amma ailələr, qadınlar, uşaqlar olan məclisdə bunu etmək olmur. Belə məclislərdə təhqiramiz ifadələr, kobud sözlər işlədə bilmirsən. Amma vallah, billah, meyxanada kobud sözlər işlətməyəndə pul vermirlər.
- Çox adam iddia edir ki, Rəşad Dağlı azadlıqda olsaydı, meyxana aləmində çox şey fərqli olardı. Sizcə, doğrudan belədi?
- Allah Rəşadın qapısını açsın. Onunla çox gözəl münasibətim vardı. Rəşad doğurdan da şirdir, dağdır.
- Bəs həbsə düşəndən sonra baş çəkməyə getmisinizmi?
- Xeyr, getməmişəm, yalan deməyəcəyəm.
- Səbəb nədir?
- Bir-iki dəfə həmkarlara dedim ki, getsəniz, mənə də xəbər edin. Amma demədilər… Hələ indiyə qədər yanına gedib çıxmamışam. Tək getməyə də açığı, bir az çəkinirəm. Mən islah koloniyalarına çox gedirəm, konsertlər də verirəm orada. Sadəcə Rəşadın yanına əliboş getmək istəmirəm, getsəm, gərək adıma layiqli gedim. Onun yanına 50-100 manatla getməyə utanıram.
- Son vaxtlar 25 kq-dan çox arıqlamışdınız. Bu sağlam yolla idi yoxsa mədəkiçiltmə, bədənşəkilləndirmə?
- Heç bir prosedur və ya əməliyyat etdirməmişəm. Pəhrizlə arıqlamışdım. Məndə bədənşəkilləndirmə heç vaxt olmayıb, bunu hər kəs bilir. Bir dəfə abdominoplastika etdirmişəm (qarında artıq dərinin, dərialtı yağın çıxarılması və qarın əzələlərinin yığılması) o da haradasa, 9 il bundan öncə olub. Məhz pəhrizlə arıqlamışdım, dietoloqla birgə çalışırdım. Daha sonra müəyyən arıqlama çayları, kofeləri içmişdim. İstər-istəməz yemək yeməyəndə mədə yığılır, az yeyirsən və çəkin gedir. Həm də bizim gecəmiz, gündüzümüz yoxdur, rejimlə qidalana bilmirik. Ötən gün məclisdən səhər saat 5-də gəlmişəm, cəmi 3 saat yatıb sonra qalxıb işlərimi həll etmişəm. Bizim iş rejimimiz bu cürdür. Gərək sağlam qidalanasan, normal yuxu yatasan, piyada gəzəsən, 2 litr su içəsən, amma məndə bunları etmək alınmır, vaxtım olmur. Bu səbəbdən 4-5 kilo yenə kökəlmişəm, yenidən arıqlamaq üçün kofe içirəm.
- Samirə xanım, son vaxtlar efirlərdə görünmürsünüz. Səbəb nədir? Özünüz getmək istəmirsiniz ya çağırmırlar?
- Yaralı yerimə toxundunuz… Mən heç vaxt teleaparıcılara qarşı hörmətsizlik etməmişəm. Hər birinə hörmətlə yanaşmışam, çünki onlar da maaş alıb ailələrini dolandırırlar. Bu gün isə mən verdiyim dəyərin əvəzini görmürəm. Çünki qızımla bağlı problem oldu, polis bölməsinə çağrıldı. Amma elə ciddi problem deyildi, sadəcə mətbuat bunu çox qloballaşdırdı. Heç qızım Fərəh kimisə təhqir də etməmişdi. Hətta polis idarəsində də bunu dedilər, ciddi ittiham edilmədi, sadəcə 500 manat məbləğində cərimələndi. Bu məsələ çox ictimailəşdi. Qara piar apardılar. Aləm bir-birinə qarışdı. Mənə “efir qadağası” qoyuldu. Bu, rəsmi şəkildə olmadı, Audiovizual Şuranın belə bir qadağası yoxdur. Amma ayrı-ayrı şəxslər bu cür qadağa qoydular. Bunu kimlərin etdiyi bəllidir. Allah canlarını sağ eləsin…
Biz sənət adamları tamaşaçılardan ilham alırıq. Əgər bu gün mən gördüyüm işi təqdim edə bilməyəcəyəmsə, niyə çalışıram? Məni ruhdan saldılar. Onsuz da heç vaxt efirdən pul qazanmamışam, oradan toy tutmamışam. Bundan sonra mənə heç 100 il də efirlərdə olmaq lazım olmayacaq. Mən Azərbaycan incəsənəti tarixində ad qoymuş adamam. Bundan sonra efirlər olmasa da, xalq məni onsuz da “meyxanaçı Samirə” kimi tanıyır. Bu mənə yetər. Guya bundan o tərəfə nə qədər ömrüm qalıb ki? Yaşasam, maksimum 10 il yaşayaram. Bizim kimi sənət adamlarının onsuz da az qalan ömründə daha da küsdürmək lazım deyil.
Mən bütün aparıcılardan incimişəm və hər birinə embarqo qoymuşam. Hansısa telekanal dəvət etsə belə, artıq efirlərə getməyəcəyəm. Mənə lazım deyil. Onsuz da bu gün gənclərin heç biri televiziyaya baxmır, hər kəs sosial şəbəkələrdədir, heç kimə efir lazım deyil. Efirlər nə gündədir? Hamısının reytinqi düşüb, heç kim baxmır. Yazıq televiziya işçiləri güclə maaş ala bilirlər.
Əvvəllər özəl telekanallar indi qadağa qoyulan müğənnilərin hesabına dolanırdı. Onlar ödənişlərini edib efirə çıxırdılar.
Əgər mənim kimi 17 ilini sənətə həsr etmiş, musiqi savadı olan bir şəxs bu gün efirlərdə qadağadadırsa, bu sənətin nəyindən danışım?! Mən artıq hər şeyə nifrət edirəm! Günü bu gün sənətdən getmək istəyirəm. Bəzi məsələlərə görə qalmışam, 1-2 il sonra ümumiyyətlə, məni səhnədə görməyəcəklər. Çünki məni çox küsdürdülər. Elə həddə çatdırdılar ki, özümün özümdən zəhləm getdi.
Mən nə etmişdim? Bu günə qədər efirdə hər hansı qanunsuzluq etməmişəm, artıq-əskik danışmamışam, geyimimə diqqət etmişəm, heç bir ədəbsizliyim olmayıb, bir dənə belə nalayiq və ya bayağı mahnı ifa etməmişəm, oxuduqlarım bəstəkar mahnıları olub. Buna görəmi mənə qadağa qoyulub?! Kimlərə efir qadağası qoyulmuşdusa, bu gün hamısı efirlərdədir. Nə oldu məgər bir mən gözlərinə girdim?! Heç mənə lazım da deyil.

- Qızınızdan danışdınız, Fərəh xanımın müğənniliyə başlamasına ilk reaksiyanız necə oldu? Onun şou-biznesdə olmasından qorxurdunuz?
- Mən onun şou-biznesə gəlməsini istəmirdim və ona icazə vermirdim. Uzun illər mənə dedi ki, ana, mən də oxumaq istəyirəm. Lakin mən qoymurdum, deyirdim sən oxuyan ola bilməyəcəksən. Çünki mən bu sənətə illərimi vermişəm, musiqi təhsili almışam, muğam ustadlarından dərslər almışam, muğam, vokal öyrənmişəm, fortepiano təhsili almışam. Mən bu yolu keçmişəm.
- Bəs peşmansınız?
- Bəli, bu gün çox peşmanam, deyirəm ki, kaş ki, başqa sənət seçərdim. Mən məktəbi əla qiymətlərlə bitirmişəm. Kaş ki, Şərqsünaslıq fakültəsini bitirərdim, çünki ərəb dilini gözəl bilirdim. Və ya kimya, biologiya sahəsi üzrə ixtisaslaşardım və ya cərrah olardım. Müğənnilik sənət deyil.
- Niyə?
- Çünki qocalanda heç kimə lazım deyilsən. Bu sənət cavanlığı, baxımlı vaxtını sevir. Bu səhnə gözəllik istəyir. Bu gün eşidirəm ki, deyirlər məclisə Fərəh gəlsin, Samirə Yusifqızının yaşı artıq keçib… Amma Samirə xanımın sənəti var. Budur sənətə münasibət?!
- Qızınızın müğənni olmağını bu səbəbdən istəmirdiniz?
- Bəli. Əgər mənim təhsilim, musiqi savadım ola-ola bu gün heç kəsə lazım deyiləmsə, onlar ümumiyyətlə, lazım olmayacaqlar. Həmişə demişəm, bu tip gənclər “birdəfəlik şprislər”dirlər. Necə ki, musiqiləri elədir. Bir dəfə oxuyurlar, həmin mahnı 1-2 ay dəbdə olur, sonra heç kəsə lazım olmur, vəssalam. Bu gün gənclər müğənniliyə sel kimi gəlirlər, hər kəs oxuyur.
- Bəs “Samirə Yusifqızının övladı” kimi tanınmaq ona çətinlik yaradır?
- Xeyr, əksinə. Fərəh hər zaman mənə deyir ki, ana, mən səninlə fəxr edirəm. Çünki Samirə bu sənətdə heç vaxt nalayiq insan kimi ad qoymayıb, heç vaxt namussuz, qeyrətsiz qadın kimi tanınmayıb. Bu gün Samirə Yusifqızının oğlu da, qızı da onunla fəxr edir. 29 yaşımda həyat yoldaşımı itirmişəm, 2 balamı təkbaşına böyütmüşəm. Mən öz sənətimlə, zəhmətimlə bu yerlərə gəlmişəm, bir kişiyə belə boyun əyməmişəm, heç kəsin çörəyini yeməmişəm, hansısa kişinin pulu ilə efirə çıxmamışam. Samirə hər şeyi öz boğazının, səsinin gücü ilə edib.
Bəzən mənə deyirlər ki, illərin müğənnisisən evin elə budur? Deyirəm, bəli, çünki mən halal pulumu qazanıram. Mənim başqa yerdən gəlirim, biznesim yoxdur, gətirib pul verən “həcilərim” yoxdur. İndiyə qədər bunu etməmişəmsə, bundan sonra da etmərəm.
- Fars və ərəb dillərindən danışdıq. Bu dillərə maraq necə yaranmışdı sizdə? Necə öyrənmisiniz?
- Mən hətta Səudiyyə Ərəbistanında da işləmişəm. 44 nömrəli məktəbdə təhsil almışam və bizə 2-ci sinifdən ərəb dili tədris edilib. İlk başladığımız gündən ərəb dilini çox sevmişəm. Bu dilin qrammatikasını çox yaxşı bilirəm və ləhcəsiz, səlis danışıram. Çoxdandır istifadə etmirəm, amma yadımdadır. Ərəb gecələrinin təşkilatçılığını edirdim, ərəblər demişdi ki, səni Səudiyyə Ərəbistanına aparmaq istəyirik. İş elə gətirdi ki, 1998-ci ildə ansamblımla məni ora apardılar. Rəsmi müqavilə bağladıq, adını çəkdiyim ölkənin 6 şəhərində işlədik. Bu gün ərəbcə çox səlis oxuyuram.
Fars dilini isə bizə anam sevdirib. O, bu dildə danışırdı, öyrənmişdim. Fars dili ərəb dilindən musiqilidir. Mən oxuduğum mahnının tərcüməsini bilməsəm oxuya bilmərəm.
Bu gün ləzgi, ivrit, özbək, tacik dillərində də oxumağı bacarıram. Rus dilini isə deməyə ehtiyac yoxdur, çünki biz sovet dönəmində böyümüşük, bu dil ikinci dilimiz olub. Mən 12 dildə rahat oxuyuram. Azərbaycanda mənə poliqlot müğənni demək olar.

- Bir çox qadın sənətçi deyir ki, kişi məclislərinə getmir. Siz necə, gedirsiz? Bu mövzuya yanaşmanız maraqlıdır.
- Qurban olum kişi məclislərinə! Onlar oturub musiqiyə qulaq asırlar. Qadın məclisi bazar olur, ancaq oynayırlar, musiqiyə qulaq asan olmur. Qadınların enerjisi çoxdur, rəqs edirlər, meydandan çıxmırlar. Kişi məclislərinə hörmətlə girib, hörmətlə də çıxırıq. Biri başını qaldırıb bizə pis gözlə baxmır.
O kişilər də mənim qardaşım, əmim oğlu, xalam oğullarıdır, hamısı Azərbaycan övladıdır. Qurban olum Azərbaycan kişisinə, yaxşı oğullara canım qurban. Bizim qeyrətli oğullarımız, atalarımız var. Mən məclisə oxumağa gedirəmsə, onlar hamısı mənim qardaşım, atamdır! Bu nə sözdür?! Mən məclisə başqa niyətlə getsəm, heç toya getmərəm başqa yerlərə gedərəm. Bunu deyən ifaçılar başını daşa döyür! Onlar başlarını kola soxurlar, quyruqlarındansa xəbərləri yoxdur…
- Son illər bir çox müğənni toy qiymətlərini xeyli artırıb. Sizdə vəziyyət necədir?
- Hər kəsin qazancı halal xoşu olsun. Mən insanları sevirəm, səmimiyəm. Məclislərdə məni görəndə də yaxınlaşırlar ki, Samirə xanım, siz necə səmimi, sadə müğənni imişsiniz. Belə şəxsləri pula görə sıxışdırmaq olarmı?! Yazıq deyilmi? İnsan övladına toy edir, səni sevir, istəyir ki, iştirak edəsən, sən də ona qiymət oxuyursan. Bu, düzgün yanaşma deyil. O pulla 5 mərtəbə villa tikəcəksiniz? Gorunuza aparacaqsınız? Bəsdir, insafınız, Allahınız olsun. Çox vaxt ata-ana məcbur olur 15-20 min manatı ödəyir, çünki övladı həmin müğənniləri istəyir. Bəzən övlad iki ayağını bir başmağa dirəyir ki, mənim toyumda Röya Ayxan, Aygün Kazımova və ya başqası oxumalıdır, çünki dostumun toyunda onlar olub. Belə olanda valideyn məcbur olur, borca girib onları gətirir. Əgər pul varsa, o qiyməti demək olar, amma əhalini başa düşmək lazımdır, hər kəs o pulu verə bilmir axı. Camaatın böyük əksəriyyəti güclə dolanır, bəs onlar insan deyil?
Mən heç vaxt qiymət deməmişəm. Ev yiyəsindən soruşuram ki, nəyə gücün çatır? Məsələn, deyir ki, 1000 manata və ya 20 dəqiqə gəl, 500 manat verə bilərəm, gücüm buna çatır. Belə olanda deyirəm ki, Allah bərəkət versin. İnsan heç vaxt naşükür olmamalıdır, keçmişini unutmamalıdır.
Bu gün 10 mindən aşağı toylara getməyənlər bir vaxtlar ayağında başmaqla küçələrdə dönər yeyə-yeyə oxuduqları vaxtları unutmasınlar. Bu, bir nəfərə deyil, şou-biznesdə olan bir çoxuna aiddir. O günləriniz yadınızdan çıxmasın! Ola bilər, bu gün pullarınızı yığırsınız, yığın, Allah bol eləsin, istəməyənin gözü tökülsün. Amma bu xalqı da incitməyin. Vallah-billah, o yığdıqlarınızı apara bilməyəcəksiniz.
- Bəs heç pulsuz getdiyiniz məclis olub?
- Əlbəttə, o qədər olub ki. Son zamanlar şəhid, qazi məclislərinə çox gedirəm. Onlardan pul almırıq. Hətta cibimizdən pul veririk, benzin töküb rayonlara yollanırıq. Bu, mənim vətəndaşlıq borcumdur. Onlar bizə görə canlarını fəda ediblər. Biz onların məclislərinə yox deyə bilmərik. Hətta pullu məclislərimi bəzən təxirə salıb gedirəm.
Qızım Fərəh də bu mövzuda mənim kimi düşünür. Tez-tez rayonlara şəhid ailələrinin məclislərinə havayı gedir. Kim gedər? O deyir ki, ana, bu savabdır.
Sabah adamın üzünə tüpürərlər ki, sən bu vətənin övladı deyilsən? Onlar sənə görə canını verib, qanlarını töküblər. Hər kəs onlara olan borcunu bir cür qaytarır, bizim də gücümüz buna çatır.