AZ

Almaniyada enerji şirkəti "Uniper"in özəlləşdirilməsi prosesi başlayıb

Almaniya hökuməti milliləşdirilməsindən dörd il sonra aparıcı enerji konserni olan Unipernin özəlləşdirilməsi prosesinə start verib. Hökumət şirkətdəki payını 99,12%-dən 25% + 1 səhmdək azaltmağı planlaşdırır.

Maraqlı tərəflərə 12 iyun tarixinədək niyyət məktubu göndərərək yazılı şəkildə maraqlarını bildirmək təklif olunub. Almaniya KİV-lərinin məlumatına görə, potensial alıcılar arasında müxtəlif ölkələrin suveren fondları və iri enerji qrupları yer alır.

Almaniya hakimiyyəti Uniperni 2022-ci ildə Rusiyadan qaz tədarükünün azalması nəticəsində yaranan enerji böhranı fonunda ölkənin enerji sektorunu dəstəkləmək məqsədilə milliləşdirmişdi.

Şirkət müştərilərini enerji ilə təmin etmək və qaz anbarlarını doldurmaq üçün həmin dövrdə spot bazardan rekord yüksək qiymətlərlə qaz almağa məcbur olmuşdu. Nəticədə Uniper iflas həddinə çatmışdı.

Bundan sonra Almaniya hökuməti enerji konserninə bir neçə dəfə milyardlarla avro həcmində yardım paketləri ayırmış və daha sonra onun milliləşdirilməsi barədə qərar qəbul etmişdi.

Avropa Komissiyası şirkətin dövlət tərəfindən alınmasını bir sıra şərtlərlə təsdiqləmişdi. Şərtlərə əsasən, hökumətin şirkətdəki payı ən gec 2028-ci ilə qədər 25% + 1 səhmdək azaldılmalıdır.

Suddeutsche Zeitungnin qiymətləndirməsinə görə, hazırda Unipernin bazar kapitallaşması təxminən 18 milyard avro təşkil edir.

Seçilən
56
ikisahil.az

1Mənbələr