AZ

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan forumda vətəndaş cəmiyyətinin inklüziv şəhər planlaşdırılması və davamlı şəhər inkişafında rolu müzakirəyə çıxarılıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın milli şəhərsalma forumunda iştirakından məmnunluğunu ifadə edib. O, Azərbaycanın yenidənqurma prosesində icmaların və müxtəlif tərəflərin fəal şəkildə cəlb olunduğunu görməkdən məmnun olduğunu bildirib.

A.Rossbax əlavə edib ki, QHT-lərin iştirakı olmadan qlobal mənzil böhranının həlli mümkün deyil.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində yaradılan Qlobal Cənub QHT Platformasının artıq uğurlu beynəlxalq təşəbbüsə çevrilməkdə olduğunu bildirib.

“Bu il həmin platformanın Baş Assambleyası təsis olunub və mən bu təşəbbüsün gələcəyinə böyük ümidlə baxıram. Şəhərlərlə bağlı çağırışlar – sürətli urbanizasiya, əhali artımı və iqlim dəyişiklikləri artıq bütün dövlətlərin gündəmindədir. Azərbaycan da iqlim dəyişikliklərinin təsirlərini hiss edir”, – deyə o bildirib.

Azərbaycanın qədim şəhərsalma ənənələrinə malik olduğunu vurğulayan H.Hacıyev qeyd edib ki, qədim Qəbələ kimi şəhərlər tarix boyu ticarət, elm, əməkdaşlıq və mədəniyyət mərkəzləri olub.

“Bu gün isə əsas çağırışlardan biri müasir şəhərlərin inkişafı ilə yanaşı, mədəni irsin qorunmasıdır”, – deyə o əlavə edib.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib qeyd edib ki, şəhərlərin dayanıqlı inkişafı istiqamətində qlobal çağırışların həlli üçün vətəndaş cəmiyyəti institutlarının iştirakı və çoxtərəfli tərəfdaşlıqlar mühüm əhəmiyyət daşıyır.

Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Maimuna Mohd Şərif bildirib ki, QHT-lər yalnız qlobal forumların iştirakçısı deyil, həm də insanlar, siyasət və praktika arasında əlaqələndirici qüvvədir.

“Vətəndaş cəmiyyəti təşkilatları hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor və yerli icmalar arasında mühüm körpü rolunu oynayır. Yalnız dövlət və özəl sektor deyil, insanlar da bu tərəfdaşlığın əsas hissəsi olmalıdırlar”, – deyə o vurğulayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva son illərdə Azərbaycanın vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının formalaşdığı məkana çevrildiyini bildirib.

“Beynəlxalq tədbirlər Azərbaycanın yalnız onlara ev sahibliyi edən ölkə kimi deyil, həm də müxtəlif regionlardan olan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm platformaya çevrildiyini göstərir. Bu platformalar dialoq, əməkdaşlıq və həmrəylik üçün yeni imkanlar yaradır”, – deyə A.Əliyeva qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının İdarə Heyətinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr şöbəsinin rəhbəri Kristian Mensah bildirib ki, WUF tarixində ilk dəfə dünyanın müxtəlif ölkələrindən QHT-lər vahid platformada bir araya gələrək xüsusi məkan əldə ediblər.

“Bu, onların sessiya çərçivəsində daha fəal iştirakı və fəaliyyətlərinin təmin olunması baxımından mühüm addımdır. WUF13 yerli və regional baxışların qlobal siyasət formalaşdırılması prosesinə inteqrasiyası üçün də yeni imkanlar yaradır”, – deyə o qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Qalyeqos qeyd edib ki, şəhərlər qadınlar, kişilər və uşaqlar üçün uyğun şəkildə qurulmalıdır.

“Eyni zamanda, yaşlı insanlar və əlilliyi olan şəxslərin ehtiyacları xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Qərar qəbuletmə prosesi çoxtərəfli əməkdaşlıq şəraitində mürəkkəb və məsuliyyətli vəzifədir. Bununla belə, BMT dünya problemlərinin həlli üçün mövcud olan ən vacib platformalardan biridir və QHT-lər də bu prosesin ayrılmaz hissəsi olmalıdır”, – deyə Luis Qalyeqos əlavə edib.

Seçilən
26
3
azerbaijan-news.az

4Mənbələr