AZ

Elçin Yusubov: Xankəndinin yeni Baş planı 80 min nəfərlik əhali üçün hazırlanır

Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə bildirib ki, Xankəndi şəhərinin yeni Baş planı hazırlanır. “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusuna həsr edilən tədbirdə çıxış edən Elçin Yusubov qeyd edib ki, Baş planın tamamlanmasından sonra şəhərdə daha genişmiqyaslı tikinti və inkişaf işləri həyata keçiriləcək.

“Baş plan hazır olduqdan sonra daha ciddi, əsaslı tikililərin şahidi olacağıq. Xankəndi şəhərinin yeni Baş planı 80 min nəfərlik əhali üçün nəzərdə tutulur. Hazırda isə bu göstərici 62 min nəfərdir”, – deyə o vurğulayıb. 

Qeyd edək ki, WUF13 mayın 17–22-də BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf sahəsində beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr