
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Bərəkə" (Barakah) atom elektrik stansiyasına mayın 17-də hücum edən, eləcə də sonradan havada zərərsizləşdirilən PUA-ların İraq ərazisindən buraxıldığı məlum olub.
AFN.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin rəsmi bəyanatında bildirilir.
Nazirliyin açıqlamasına görə, son 48 saat ərzində ölkənin hava hücumundan müdafiə sistemləri daha altı düşmən PUA-sını vaxtında aşkarlayaraq məhv edib. Mülki və strateji əhəmiyyətli obyektləri hədəf alan bu aparatların zərərsizləşdirilməsi zamanı hər hansı insan tələfatı və ya infrastrukturun təhlükəsizliyinə ziyan dəyməyib.
Aparılan ilkin araşdırmalar və texniki monitorinq mütəxəssisləri təsdiqləyib ki, həm mayın 17-də AES ərazisinə düşən üç PUA, həm də sonradan ələ keçirilən digər hava hədəfləri birbaşa İraq torpaqlarından havaya qaldırılıb.