AZ

Gilasda çat, üzümdə xəstəlik, taxılda qıtlıq... May yağışları sahələri vurdu

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

May ayında müşahidə olunan güclü yağışlar kənd təsərrüfatında müxtəlif məhsullara ciddi təsir göstərib. Xüsusilə vegetasiya dövrünün həssas mərhələsində olan bitkilər bu hava şəraitindən daha çox zərər görüb. Ziyan həm məhsulun keyfiyyətində, həm də ümumi məhsuldarlıqda özünü göstərir. Bu vəziyyət ən çox hansı məhsullara təsir edib?Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, intensiv yağışlar kənd təsərrüfatına problemsiz ötüşmür:"Xüsusilə bu dövrdə inkişafın həssas mərhələsində olan bitkilər üçün ciddi risklər yaradır. Məsələn, yetişməkdə olan gilaslarda çatlar əmələ gəlir və məhsulun keyfiyyəti aşağı düşür. Şaftalı və nektarin kimi meyvələrdə monilioz xəstəliyi, yəni çiçək yanığı və digər göbələk mənşəli xəstəliklər yayılır. Üzümdə mildium, yəni yalançı unlu şeh xəstəliyinin inkişafı üçün əlverişli şərait yaranır. Pomidor, badımcan kimi torpaqda yetişən bitkilərdə isə güclü yağışlar nəticəsində kök sistemi uzun müddət nəm və palçıqda qalır, bu da oksigensizlik yaradır və kök çürüməsinə səbəb olur".Ekspert deyib ki, taxıl və dənli bitkilərdə vəziyyət daha fərqlidir:"Hazırda onlar inkişaf və sünbülləmə mərhələsindədir. Külək və yağış nəticəsində bitkilər yerə yatır, bu isə biçin zamanı ciddi çətinlik yaradır. Kombaynlar yerə yatmış taxılı yığmaqda çətinlik çəkir və bu da məhsul itkisinə səbəb olur.Çiyələkdə isə məhsul yığımı dövrü olduğuna görə yağışlar həm məhsulun keyfiyyətini aşağı salır, həm də çürümə prosesini sürətləndirir. Ümumilikdə intensiv yağışlar, dolu və güclü küləklər kənd təsərrüfatına ciddi zərər vurur. Gübrələr yuyularaq torpağın dərin qatlarına gedir və bitkilər onları tam mənimsəyə bilmir. Bütün bunlar kənd təsərrüfatı üçün ciddi problemlər yaradır. Şəhər üçün isə əsas məsələ ucuz və keyfiyyətli məhsuldur, lakin bu məhsul kəndlinin böyük zəhməti və xərci hesabına formalaşır",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr