"Hazırda magistratura imtahanları zamanı kəskin hava şəraiti ilə bağlı müəyyən abituriyentlərin imtahana gecikməsi və ya ümumiyyətlə çatmaması halları müşahidə olunub. Bununla belə, Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, qeydiyyatdan keçənlərin təxminən 90 faizi imtahanda iştirak edib. Lakin bu göstərici ictimai narazılıq doğurub, çünki bir sıra abituriyentlər həm gecikmələr, həm də yaranan stres səbəbindən imtahana tam hazırlıqlı şəkildə daxil ola bilmədiklərini bildiriblər. Daha sonra Dövlət İmtahan Mərkəzi magistratura imtahanının üçüncü cəhdinin keçirilməsi ilə bağlı qərarını açıqlayıb. Ümumilikdə, hava şəraiti və digər fövqəladə halların, o cümlədən beynəlxalq tədbirlər səbəbindən yaranan yol tıxaclarının imtahan prosesinə təsir göstərdiyi qeyd olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, mayın 17-də keçirilən magistraturaya qəbul imtahanının ikinci mərhələsi əlverişsiz hava şəraitinin təsiri altında baş tutub. Güclü yağış səbəbindən bəzi namizədlər imtahana gecikib, bəziləri isə ümumiyyətlə iştirak edə bilməyib. İmtahanda iştirak edən şəxslər də yaranmış vəziyyətin onlarda ciddi psixoloji gərginlik yaratdığını bildiriblər. Yaranmış vəziyyət və iştirakçıların müraciətləri nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi magistratura imtahanı üzrə əlavə cəhdin keçirilməsi barədə qərar verib. Üçüncü cəhd imtahanının iyunun 14-də keçirilməsi planlaşdırılır.
Ekspert qeyd edib ki, əvvəlcədən müəyyən edilmiş imtahan tarixində fövqəladə hallar səbəbindən problemlər yaranarsa, imtahanın təkrar keçirilməsi müsbət və məqsədəuyğun addım hesab oluna bilər.