Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl mövsümün yekunlarına həsr olunan tədbirdə deyib.
“Qarabağ” uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb. Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. UEFA Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətli uyğunlaşmasına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda “Qarabağ”ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir və bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk”, - T.Gözəl qeyd edib.