BAKI, 20 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp mayın 18-də milli təhlükəsizlik komandası ilə görüş keçirib və ona İrana qarşı mümkün hərbi əməliyyat variantları təqdim olunub.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüşün əvvəlcə mayın 19-na planlaşdırıldığı bildirilirdi. Ağ Evin bəzi nümayəndələri hesab edirdilər ki, həmin iclasda Trampın İrana zərbələrlə bağlı yekun qərar verəcəyi gözlənilir. Lakin toplantı ABŞ prezidentinin İrana hücumun təxirə salındığını açıqlamasından bir neçə saat sonra keçirilib.
Görüşdə ABŞ vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Pentaqon rəhbəri Pit Heqset, ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff iştirak ediblər.
"Axios"un məlumatında qeyd olunur ki, iclas zamanı İranla bağlı müharibədə növbəti addımlar, diplomatik səylərin vəziyyəti və ABŞ-ın mümkün zərbə planları müzakirə olunub. Portalın qiymətləndirməsinə görə, bu müşavirə Tramp administrasiyasının İranla münaqişənin yenidən alovlanması ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.
Tramp daha əvvəl bəyan etmişdi ki, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının xahişi ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salıb. ABŞ Prezidenti bunu Tehranla razılıq əldə etmək ehtimalı ilə əsaslandırıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də tərəflər arasında iki həftəlik qarşılıqlı atəşkəs elan olunub. İran tərəfinin məlumatına görə, 40 günlük müharibə ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub.