AZ

Şərqin qədim gözəllik sirri — Xına haqqında bilinməyənlər

Xına əsrlərdir Şərq və Yaxın Şərq mədəniyyətinin ən yayqın simvollarından biri hesab olunur. Bu gün daha çox toy mərasimləri və bəzək məqsədilə istifadə edilsə də, qədim dövrlərdə xınaya tamamilə fərqli məna verilirdi.

İnsanlar onu yalnız rəng verən bitki kimi deyil, həm də rahatlaşdırıcı, qoruyucu və hətta şəfa məqsədli vasitə kimi qəbul edirdilər.

Musavat.com xəbər verir ki, son dövrlər sosial şəbəkələrdə və sağlam həyat mövzularında xınanın qədim istifadəsi ilə bağlı paylaşımlar yenidən diqqət çəkməyə başlayıb. Xüsusilə ovuca yaxılan xınanın mənası və təsiri barədə yayılan məlumatlar böyük maraq doğurur. 

Xına nədən hazırlanır? Min illərdir istifadə olunan bitkinin maraqlı tarixi

Xına qədim dövrlərdən bəri istifadə olunan təbii boyaq bitkisidir. Əsrlərlə müxtəlif xalqlar tərəfindən həm bəzək, həm saç boyası, həm də mərasimlərin əsas atributlarından biri kimi istifadə olunub. 

Lawsonia_inermis_(3709419835).jpg

Xına “Lawsonia inermis” adlı kol bitkisinin yarpaqlarından hazırlanır. Bu bitki əsasən isti iqlimə malik ölkələrdə — Hindistan, İran, Misir, Pakistan, Şimali Afrika və ərəb ölkələrində yetişir. Xına bitkisinin yarpaqları toplanaraq qurudulur. Daha sonra həmin yarpaqlar üyüdülərək yaşıl rəngli incə toz halına gətirilir.

İstifadə zamanı bu toz su, çay, bəzi hallarda isə müxtəlif bitki yağları ilə qarışdırılır. Hazırlanan qarışıq saçlara, əllərə və ya dəriyə çəkilir. Bir müddət saxlanıldıqdan sonra narıncı, qırmızı və ya tünd qəhvəyi rəng əmələ gəlir.

Xınanın tarixi 

Xınadan istifadə ən azı 5 min il əvvələ gedib çıxır. Qədim Misirdə fironların dövründə xınadan istifadə edildiyi bildirilir. Bəzi mənbələrdə Kleopatranın da xınadan istifadə etdiyi qeyd olunur. O dövrdə xına həm kosmetik vasitə, həm də xüsusi mərasimlərin bir hissəsi sayılırdı. Şərq ölkələrində isə xına toy və nişan mərasimlərinin əsas simvollarından birinə çevrilmişdi. Bir çox xalqlarda gəlinə xına yaxılması uğur və bərəkət əlaməti hesab olunurdu. 

Screenshot_10.png

Əvvəllər insanlar xınanı yalnız saç və əl bəzəyi üçün deyil, müxtəlif məqsədlərlə tətbiq edirdilər. Xüsusilə isti bölgələrdə yaşayan xalqlar onun sərinləşdirici təsirinə inanırdı. Bu səbəbdən xına yay aylarında əllərə, ayaqlara və bəzi hallarda bədənin müxtəlif hissələrinə çəkilirdi.

Ovuca xına yaxılmasının xüsusi mənası olub

Qədim inanclarda insan bədənində müəyyən nöqtələrin xüsusi enerji daşıdığı düşünülürdü. Ovuc içi də həmin nöqtələrdən biri hesab edilirdi. Buna görə də xına ən çox əllərin içinə çəkilirdi. 

Screenshot_9.png

İnsanlar hesab edirdilər ki, ovuca yaxılan xına insanı sakitləşdirir, daxili gərginliyi azaldır və psixoloji rahatlıq yaradır. Uzun yol öncəsi, ağır işdən sonra və ya mühüm mərasimlərdən əvvəl xına yaxılması bəzi bölgələrdə ənənəyə çevrilmişdi.

Bəzi inanclara görə isə xına mənfi enerjidən və pis baxışlardan qoruyan simvol sayılırdı. Xüsusilə yaşlı nəslin nümayəndələri xınanın insanın ruh halına müsbət təsir etdiyini düşünürdülər.

Xınanın sərinləşdirici təsiri

Təbii xınanın tərkibində dəriyə müəyyən təsir göstərən maddələr mövcuddur. Bu səbəbdən xına çəkilən zaman bəzi insanlarda sərinlik hissi yarana bilir. Keçmişdə isti iqlimdə yaşayan insanlar ayaq altına və ovuca xına çəkməyi bədəni soyutmaq üsullarından biri hesab edirdilər. Xüsusilə kənd yerlərində yay aylarında bu ənənə geniş yayılmışdı.

Bəzi yaşlı insanlar baş ağrısı və yorğunluq zamanı da xınadan istifadə edirdilər. Bunun elmi təsiri tam sübut olunmasa da, xınanın rahatladıcı təsir göstərdiyini düşünənlər hələ də az deyil.

Xınaya maraq yenidən artır

Son illərdə təbii məhsullara marağın artması ilə xına yenidən populyarlaşmağa başlayıb. Sosial şəbəkələrdə təbii xına hazırlanması, qədim xına ənənələri və onun istifadəsi ilə bağlı videolar milyonlarla baxış toplayır. 

Bir çox insan artıq kimyəvi boyalar əvəzinə təbii xınaya üstünlük verir. Xüsusilə saç baxımında və dekorativ məqsədlərlə xına istifadəsi yenidən gündəmə gəlib. 

xina-haqqinda-bilmedikleriniz.jpg

Bununla yanaşı, bəzi insanlar qədim inanclara uyğun olaraq xınanı rahatlaşdırıcı və mənəvi sakitlik yaradan ənənə kimi qəbul etməyə davam edirlər.

Xına təhlükəsiz deyil!

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bazarda satılan bütün xınalar təbii olmur. Xüsusilə “qara xına” adı ilə satılan bəzi məhsulların tərkibində kimyəvi maddələr ola bilər.

Belə məhsullar bəzi insanlarda allergiya, dəri yanığı və qıcıqlanma yarada bilir. Buna görə də istifadə zamanı məhsulun tərkibinə diqqət yetirilməsi vacib sayılır.

Mütəxəssislər xüsusilə həssas dərili insanların və uşaqların naməlum tərkibli xınalardan uzaq durmasını tövsiyə edirlər.

 

Musavat.com

Seçilən
82
musavat.com

1Mənbələr