AZ

ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” ilə bağlı fövqəladə vəziyyət elan edib

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında və Uqandada “Ebola” virusunun yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

AZƏRTAC xəbər verir ki, qərar ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən Beynəlxalq Tibbi-Sanitar Qaydalara uyğun olaraq qəbul olunub. Buna səbəb xəstəliyin geniş regional böhrana çevrilərək nəzarətdən çıxa biləcəyi ilə bağlı narahatlıqlardır.

Təşkilatın məlumatına görə, 2026-cı il mayın 16-na olan vəziyyətə əsasən, Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində laboratoriya yolu ilə təsdiqlənmiş səkkiz yoluxma faktı, 246 şübhəli hal və ehtimal olunan 80 ölüm qeydə alınıb. Şimali Kivu əyalətində də yeni yoluxma ocağının yarandığı ehtimal edilir.

Uqandanın paytaxtı Kampalada Konqo Demokratik Respublikasından gələn səyyahlarda iki yoluxma halının təsdiqlənməsi beynəlxalq narahatlığı daha da artırıb. Xəstələrdən biri ölüb. Daha bir təsdiqlənmiş yoluxma halı isə əsas yoluxma ocağından iki min kilometrdən çox uzaqda yerləşən Kinşasada aşkarlanıb.

ÜST-nin bəyanatında vurğulanır ki, hazırkı yayılma beynəlxalq ictimai səhiyyə üçün yüksək risk yaratsa da, hələlik qlobal pandemiya meyarlarına uyğun gəlmir.

Təşkilat vəziyyətin ağırlaşmasına səbəb olan amillər sırasında Konqo Demokratik Respublikasının şərqində davam edən qeyri-sabitliyi, humanitar böhranı, bəzi bölgələrdə əhalinin sıx məskunlaşmasını və qeyri-rəsmi tibb müəssisələrinin geniş yayılmasını qeyd edib. Bildirilib ki, bu amillər xəstələrin aşkarlanmasını və onlarla təmasda olan şəxslərin izlənməsini çətinləşdirir.

ÜST xəbərdarlıq edib ki, əhalinin yüksək hərəkətliliyi və sərhədlərarası ticarətin intensivliyi virusun daha geniş yayılmasına şərait yarada bilər.

Təşkilatın xüsusi narahatlıq doğuran məsələlərindən biri də tibb işçiləri arasında yoluxma hallarının artmasıdır. Virus mənşəli hemorragik qızdırma simptomları müşahidə olunan azı dörd tibb işçisinin öldüyü bildirilib. ÜST-nin məlumatına görə, bu vəziyyət fərdi qoruyucu vasitələrin çatışmazlığı və personal hazırlığının zəifliyi də daxil olmaqla profilaktika və infeksiyaya nəzarət sistemində ciddi problemlərin olduğunu göstərir.

Virusa qarşı təsdiqlənmiş peyvəndin və ya spesifik müalicə üsulunun olmaması da əlavə narahatlıq yaradır. Daha geniş öyrənilmiş Zair ştammından fərqli olaraq, virusun bu variantı hələ kifayət qədər araşdırılmayıb.

ÜST Konqo Demokratik Respublikası və Uqanda hakimiyyətini epidemioloji nəzarəti gücləndirməyə, yoluxan şəxslərlə təmasda olanların izlənməsini genişləndirməyə, laboratoriya imkanlarını artırmağa və şübhəli halların təcridini təmin etməyə çağırıb. Təşkilat əhali arasında maarifləndirmə kampaniyalarının genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Bununla yanaşı, ÜST sərhədlərin bağlanmasını və beynəlxalq ticarətin dayandırılmasını tövsiyə etmir. Təşkilat xəbərdarlıq edib ki, belə tədbirlər qeyri-qanuni miqrasiyanın artmasına və infeksiyanın daha geniş yayılmasına səbəb ola bilər.

“Ebola” yüksək hərarət, qusma, ishal və qanaxma kimi simptomlarla müşayiət olunur.

Seçilən
86
1
azertag.az

2Mənbələr