Çörəkotu demək olar ki, bir çox sağlamlıq probleminə faydalı olduğu bilinən və əsrlərdir alternativ təbabətdə istifadə edilən bitkilərdən biridir.
Bizim.Media xəbər verir ki, orqanizmin müdafiə mexanizmini gücləndirməsi ilə tanınan bu kiçik qara toxumlar xəstəliklərə qarşı qoruyucu təsiri ilə seçilir. Lakin əsas sual ondan ibarətdir ki, biz bu güclü məhsuldan nə dərəcədə düzgün və şüurlu şəkildə istifadə edirik.
Adətən salatlara və müxtəlif yeməklərə əlavə edilən çörəkotunu evlərdə tez-tez rast gəlinən başqa bir məhsulla birləşdirmək onun təsirini artırdığı iddia olunur. İddialara görə, bu güclü kombinasiya orqanizmdəki “gizli infeksiyaları” azaltmağa kömək edir, astma əlamətlərinə müsbət təsir göstərir və bəzi zərərli hüceyrələrə qarşı mübarizə aparır.
Bu “şəfalı qarışığın” əsas komponenti isə yoğurtdur. Son araşdırmalara istinadla bildirilir ki, çörəkotu yağının yoğurtla birlikdə istifadəsi və ya mayalanma mərhələsində əlavə edilməsi orqanizmə müxtəlif müsbət təsirlər göstərə bilər. Lakin mütəxəssislər burada vacib bir məqama diqqət çəkirlər: qarışığın nisbəti düzgün tənzimlənməzsə, yoğurdun konsistensiyası və təbii xüsusiyyətləri pozula bilər.
Məlumatlara görə, yoğurda müxtəlif faizlərdə çörəkotu yağı əlavə edilərək aparılan testlərdə məhsulun tərkibi və quruluşunda dəyişikliklər müşahidə olunub. Aşağı dozada əlavə edildikdə qarışığın faydalı mikroorqanizmlərlə birlikdə həzm sisteminə müsbət təsir göstərdiyi iddia edilir.
Bununla yanaşı, həddindən artıq istifadə yoğurdun turşuluq balansını poza, onun qalınlığını azalda və üzərində su ayrılmasına səbəb ola bilər. Nəticə olaraq, yoğurda təxminən bir çay qaşığı (150–200 qram porsiya üçün 1–2% nisbət) çörəkotu yağı əlavə edilməsinin kifayət etdiyi bildirilir.
Qeyd edək ki, bu cür məlumatlar elmi araşdırmalara istinadla təqdim olunur və tibbi tövsiyə hesab edilmir. Xroniki xəstəliyi olan, hamilə və ya mütəmadi dərman qəbul edən şəxslərin belə qarışıqları istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur. (Demokrat.az)
Bizim.Media