AZ

Maqnezium hər kəsə kömək etmir – Nevroloqdan vacib xəbərdarlıq

Son illər maqnezium yorğunluq, stress və yuxu problemlərinə qarşı ən çox istifadə olunan əlavələrdən birinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu mineral yalnız orqanizmdə maqnezium çatışmazlığı olduğu halda effektiv nəticə verə bilər.

Editor.az xəbər verir ki, rusiyalı nevroloq Olqa Butenkonun sözlərinə görə, maqnezium insan orqanizmi üçün vacib mikroelementlərdən biridir. O, sinir sistemi və əzələlərin fəaliyyəti, ürək ritmi, qan təzyiqi və qanda şəkərin tənzimlənməsində mühüm rol oynayır. Bundan əlavə, maqnezium zülal və DNT sintezində iştirak edir, sümük sağlamlığı üçün də əhəmiyyət daşıyır.  

Həkim bildirib ki, maqnezium ətrafında “möcüzəvi vasitə” imici formalaşdırılsa da, onun təsiri əsasən çatışmazlıq hallarında özünü göstərir. Belə vəziyyətdə maqnezium qəbulunun halsızlıq, əzələ spazmları və ümumi yorğunluq hissini azaltmağa kömək edə biləcəyi qeyd olunub. Lakin mütəxəssis vurğulayıb ki, səbəbsiz şəkildə əlavələr qəbul etmək düzgün yanaşma deyil.  

Nevroloqun sözlərinə görə, maqneziumun tibbdə təsdiqlənmiş istifadə sahələrindən biri də miqrenin profilaktikasıdır. Bəzi pasiyentlərdə bu mineralın miqren tutmalarının sayını azaltmağa kömək etdiyi müşahidə olunub.  

Olqa Butenko əlavə edib ki, maqneziumu yalnız dərman və bioloji aktiv əlavələrdən deyil, gündəlik qidalardan da almaq mümkündür. Xüsusilə qoz-fındıq, paxlalılar, toxumlar, tam taxıllı məhsullar və yaşıl tərəvəzlər maqneziumla zəngin hesab olunur.  

Mütəxəssis sonda qeyd edib ki, maqnezium faydalı və vacib mineral olsa da, onu yorğunluq, təşviş və yuxusuzluq daxil olmaqla bütün problemlərin universal həlli kimi təqdim etmək doğru deyil.  

//Gülnarə Abasova, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr