Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası mövcud vəziyyətin dağıdılması deyil, həmin ərazilərin sakinlərinin fəal iştirakı ilə mərhələli şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur.
“APA-Economics” xəbər verir ki, bunu Cənubi Afrikanın Vitvatersrand Universitetinin professoru Meri Huxzermeyer WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlətlərin qeyri-rəsmi yaşayış məntəqələrinə yanaşması məcburi köçürmə, dövlət tərəfindən müəyyən edilən həllər, laqeyd münasibət, müvəqqəti hüquqi status, leqallaşdırma və transformasiya kimi müxtəlif formalar ala bilər.
Meri Huxzermeyer qeyd edib ki, hazırda beynəlxalq təşkilatların dəstəklədiyi ən məqsədəuyğun model transformasiya yanaşmasıdır: "Bu model mövcud yaşayış mühitini əsas götürür və sakinlərin qərarların qəbulunda birbaşa iştirakını nəzərdə tutur. Qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması ilə yanaşı, gələcəkdə yeni belə ərazilərin yaranmasının qarşısını almaq üçün əlçatan və xidmətlərlə təmin olunmuş torpaq sahələrinin təklifinin artırılması vacibdir".
Onun sözlərinə görə, düzgün siyasət və qanunvericilik şəhərlərə artan urbanizasiya təzyiqini daha effektiv şəkildə idarə etməyə imkan verə bilər.