AZ

Anaklaudiya Rossbax: “Dünyada təxminən bir milyard insan qeyri-formal yaşayış məntəqələrində yaşayır”

Anaklaudiya
“BMT-Habitatın qiymətləndirmələrinə əsasən, hazırda dünyada təxminən bir milyard insan qeyri-formal yaşayış məntəqələrində yaşayır”. 1news.az-ın müxbiri xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının dördüncü günü çərçivəsində bildirib.
Onun sözlərinə görə, BMT-Habitat üçün bu proseslərin daha dərindən anlaşılması son dərəcə vacibdir. Çünki dünyanın müxtəlif bölgələrində qeyri-formal yaşayış məntəqələri fərqli formalarda mövcuddur. “Bu sahədə böyük müxtəliflik var və bizim üçün fərqli yanaşmaları anlamaq, hökumətlərin bu problemləri necə həll etdiyini müşahidə etmək olduqca vacibdir. Maliyyələşmə isə, şübhəsiz ki, bu müzakirələrin ən mühüm aspektlərindən biridir. Bu sessiya mənim üçün xüsusilə önəmlidir”, – deyə icraçı direktor vurğulayıb. A.Rossbax qeyd edib ki, onun şəxsi təcrübəsi doğulduğu Braziliyada bu problemlə bağlı uzun illər apardığı fəaliyyətə, eləcə də qlobal səviyyədə “Slum Dwellers International” təşkilatındakı işinə əsaslanır. O bildirib ki, karyerası boyunca həm təşkilatlanmış icmalarla, həm də bu sahəyə investisiya yatıran dövlətlərlə əməkdaşlıq edib. “BMT-Habitatın qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən bir milyard insan qeyri-formal yaşayış məntəqələrində yaşayır. Bu il biz həmçinin Dayanıqlı İnkişaf Məqsədi 11-in, xüsusilə də adekvat mənzil təminatı və gecəqonduların aradan qaldırılması ilə bağlı 11.1-ci hədəfin icra vəziyyətini təhlil edirik. Təəssüf ki, bütün mövcud hesabatlar göstərir ki, bu istiqamətdə kifayət qədər irəliləyiş əldə olunmur”, – deyə qurum rəhbəri bildirib. O əlavə edib ki, qısa müddət əvvəl iştirak etdiyi Əddis-Əbəbədə keçirilən Dayanıqlı İnkişaf Forumunda da bu məsələ ciddi narahatlıq doğurub. Afrikada vəziyyətin narahatedici olduğunu deyən Rossbax bildirib ki, Latın Amerikasında da oxşar təzyiq qalmaqdadır, Cənub-Şərqi Asiyada isə yaxın onilliklərdə daha iki milyard insanın şəhərlərə köç edərək urbanizasiya prosesinə qoşulacağı gözlənilir. A.Rossbaxın sözlərinə görə, forum çərçivəsində müzakirələr davam etdiyi bir vaxtda dünyada milyonlarla insan hələ də son dərəcə ağır şəraitdə - elementar su təchizatı, elektrik və sanitariya xidmətlərindən məhrum vəziyyətdə yaşayır. Qadınlar ən sadə məişət imkanlarından yararlana bilmir, gənclərin iş tapmaq üçün şəraiti yoxdur, sahibkarlar isə biznes qurmaq imkanından məhrumdurlar.

“Qeyri-formal yaşayış məntəqələri ilə ictimai səhiyyə arasında da sıx əlaqə mövcuddur və bununla bağlı çoxsaylı sübutlar var. Eyni vəziyyət iqlim dəyişikliyi ilə bağlı da müşahidə olunur. Qeyri-formal yaşayış məntəqələri çox vaxt iqlim böhranlarının, iqtisadi tənəzzülün və digər böhranların ilk zərbəsini qəbul edir. Ən həssas qrup isə uşaqlardır. Biz daha bir nəslin bu şəraitdə böyüməsinə imkan verə bilmərik”, – deyə BMT nümayəndəsi yekunlaşdırıb.

Seçilən
77
1news.az

1Mənbələr