AZ

Mehriban Abbasquliyevanın vəkillərinin vəsatəti təmin edilmədi

BAKI, 20 may. TELEQRAF

Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Mehriban Abbasquliyevanın vəkili Əlövsət Abbasov məhkəmə istintaqının yenilənməsi barədə vəsatət verib. O, məhkəmə istintaqının təzələnməsinə səbəb yanğın təhlükəsizliyi texnikası, fiziki-kimyəvi, tikinti-texniki və əmtəəşünaslıq ekspertizanın keçirilməsi, həmçinin ekspertin dindirilməsi barədə vəsatətlər vermək imkanı yaradılması ilə bağlı olduğunu deyib.

Dövlət ittihamçısı Eldar Məmmədov isə bildirib ki, məhkəmə istintaqı tamamlanıb, ittiham tərəfi çıxış edib və vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib. O, vəsatətin rədd olunmasını xahiş edib.

Mehriban Abbasquliyevanın digər vəkili Muxtar Mustafayev və təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını istəyiblər. Yerində müşavirə edən hakimlər heyəti vəsatəti təmin etməyib.

Təqsirləndirilənlər Hamlet Mustafayevin və Elnur Əhədlinin vəkilləri çıxış edərək müvəkkillərinə barəsində bəraət verilməsini xahiş edib.

Mehriban Abbasquliyevanın vəkilləri Əlövsət Abbasov və Muxtar Mustafayev çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib. Hakimlər onlara çıxışa hazırlaşmaq üçün vaxt veriblər.

Növbəti proses iyunun 3-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zaldan həbs olunmasını təklif edib.

Xatırladaq ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr