Bakı, 20 may, AZƏRTAC
Biz qeyri-formal məskənlərin transformasiyasını üzv dövlətlərimizlə birgə, mənzil təsərrüfatı üzrə açıq fəaliyyət göstərən işçi qrupu vasitəsilə müzakirə edirik. İndi bu Azərbaycan və Somali birlikdə həmsədrlik edir, onlardan əvvəl isə Keniya və Fransa həmsəd idi. Bizim qeyri-formal məskənlərin transformasiyası probleminin həllinə dair bir sıra siyasət xarakterli müvəqqəti tövsiyələrimiz var.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.
O, bir neçə aspekti xüsusi vurğulayıb: "Bizm üçün məlumatlar və informasiya kritik əhəmiyyət kəsb edir, çünki əgər bu olmasa, biz 11-ci Dayanıqlı İnkişaf Məqsədinin göstəricisini monitorinq edə bilmərik. Problemin yerli səviyyədə şəhərlər tərəfindən tanınması, eləcə də milli səviyyədə siyahıyaalma və statistika büroları tərəfindən qəbul edilməsi kritik dərəcədə vacibdir".
Onun fikrincə, heyrətamiz layihələr var, lakin indi biz həqiqətən bu məsələ ilə çox ciddi şəkildə və güclü iradə ilə məşğul olmalıyıq. "Yaxşı xəbər budur ki, bu problemin həlli üçün artıq siyasi iradə mövcuddur və bu, yüksək səviyyəli liderlikdən gəlməlidir. Ona görə də mən çox ümid edirəm ki, bu dialoq bizim gündəliyimizə öz töhfəsini verəcək", deyə Anaklaudia Rossbax qeyd edib.
Fotoqraf - Aydın Məmmədov