AZ

Mənzil eyni zamanda həm iqlim dayanıqlı, həm də sosial əlçatan olmalıdır - UNEP rəhbərinin müavini

Mənzil sahəsində həllər eyni zamanda iqlim dayanıqlığını, enerji səmərəliliyini və sosial əlçatanlığı təmin etməlidir, əks təqdirdə onlar uzunmüddətli bərabərsizliyi möhkəmləndirəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme) icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən "İqlim və mənzil sektoru arasında qarşılıqlı əlaqə" mövzusunda panel sessiyada deyib.

"Biz insanın sosial statusundan asılı olmayaraq evin hər kəs üçün nə qədər vacib olduğunu anlamalıyıq. Bu o deməkdir ki, ilk növbədə hər bir icmada mənzilin layiqli, iqlimə davamlı, enerji səmərəli və ekoloji baxımdan dayanıqlı olmasını təmin etməliyik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, əsas məsələlərdən biri əhalinin bütün təbəqələri üçün mənzilin əlçatanlığının təmin edilməsidir.

"Mənzildən danışarkən, xüsusilə sosial kontekstdə, kimin onu təmin edə bildiyini və kimin buna imkanı çatmadığını nəzərdə tuturuq. Bizim əsas prioritetimiz bütün icma üçün mənzil əlçatanlığını təmin etməkdir", - deyə o əlavə edib.

O, həmçinin tikinti materiallarının ekoloji cəhətdən təhlükəsizliyinin və dayanıqlı tikintiyə sistemli yanaşmanın vacibliyini vurğulayıb.

"Məlumdur ki, dünyada milyardlarla insan evlərdə yaşayır və onların əhəmiyyətli hissəsi qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb", -deyə Mrema bildirib.

O, tikinti sektorunda stimullaşdırma mexanizmlərinə yenidən baxılmasının və mənzilin keyfiyyəti ilə dayanıqlılığına təsir edən bazar qeyribərabərliklərinin aradan qaldırılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Seçilən
23
day.az

1Mənbələr