AZ

Savaş təxirə salındı...

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Amma bu hələ sülh deyil

ABŞ – İran danışıqları uzandıqca, müharibə kabusu Yaxın Şərqin üzərində dolaşmaqda davam edir. Budur, Donald Tramp Çin səfərindən sonra yenidən İrana qarşı müharibədən danışır. Bazar ertəsi bir neçə saat ərzində Tramp sosial media hesabı olan “TruthSocial”da İrana yönələn istehza və təhdidlər yağdırıb.

Bəzi analitiklər bu təhlükəli təhdidlərin Trampın Tehranı qorxudaraq, onu təslim olmağa məcbur etmək üçün nəzərdə tutulmuş bir şou olduğunu desələr də, İran paytaxtındakı mənbələr ABŞ-ın növbəti 48 saat ərzində hərbi əməliyyatlara başlayacağını istisna etmirlər.

Ağ Evin başçısı “Axios”a verdiyi müsahibədə özünəməxsus ritorika ilə İslam Respublikası üçün “vaxtın bitdiyini” bildirərək əlavə edib ki, əgər Tehran razılaşma üçün daha əlverişli şərtlər təklif etməsə, “onlara qarşı zərbələr əvvəlkindən daha güclü olacaq”.

Bu təhdidlərə cavab olaraq İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfüqari Fars körfəzinin cənubundakı bütün ABŞ bazalarını sıradan çıxarmaqla hədələyib. O əlavə edib ki, İİKK Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından bir dənə də olsun gəminin keçməsinə icazə verməyib.

ABŞ və İran arasında yeni təhdidlər mübadiləsi, təbii ki, danışıqlarda çıxılmaz vəziyyət yarandığı bir vaxtda baş verir. “Fars” xəbər agentliyinin məlumatına görə, Vaşinqton ötən həftə Tehrana sülh razılaşması üçün əks təklif göndərib və burada Ağ Ev razılaşma üçün bir sıra şərtləri açıqlayıb. Təkliflər sırasında ABŞ təzminat ödəməkdən imtina edir və İrandan öz ərazisindən 400 kiloqram uranın çıxarılmasını tələb edir. Bundan əlavə, Amerika tərəfi İran aktivlərinin hətta dörddəbirinin belə dondurulmasını ləğv etmək planının olmadığını bildirib və Vaşinqton hərbi əməliyyatların dayandırılmasını danışıqların nəticələri ilə şərtləndirib.

Bu tələblər İranın, Livan da daxil olmaqla, bütün cəbhələrdə tam atəşkəs, bütün sanksiyaların ləğvi, İran aktivlərinin dondurulmasının ləğvi, zərərlərin ödənilməsi və Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınmasını tələb edən təklifləri ilə ziddiyyət təşkil edir.

CNN-nin verdiyi məlumatda göstərilir ki, Pentaqon Ağ Evin əmri olduğu təqdirdə İrana qarşı yeni hücum üçün artıq bir neçə plan hazırlayıb. Planlarda hədəflər siyahısına enerji obyektləri və infrastruktur daxildir.

“Responsible Statecraft” nəşrinin analitiki Trita Parsi Trampın müharibə təhdidlərinin nə qədər real olduğunu şərh edərək yazır: “Əvvəla, etiraf etmək lazımdır ki, müharibənin yenidən başlaması Trampın əvvəlki eskalasiyasının – onun çoxdan açıqlanan əks-blokadasının – uğursuz olduğunu etiraf etmək deməkdir. Bu da öz növbəsində, onun başladığı əvvəlki müharibənin də uğursuz olduğunu etiraf etməkdir”.

Trita Parsi bu fikirdədir ki, yanvarda baş verən müharibə təhdidləri də uğursuz olub. “Daha əvvəl yazdığım kimi, İranı diz çökdürəcək universal vasitə axtarışı təkcə Trampa xas deyil. Onilliklərdir ki, qeyri-real bir çarə xəyalı Amerikanın İran siyasətində mühüm bir qüsur olaraq qalır”.

Reallıq ondan ibarətdir ki, danışıqlarda bir sıra sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etsələr də, tərəflər hələ də razılığa gələ bilməyiblər. Buna əsas səbəblərdən biri isə Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı barışmaz fikir ayrılığıdır. Vaşinqton blokadanın tam əks nəticələr verdiyini anladıqca, yeni və təhlükəli bir dinamika ortaya çıxıb: hər iki tərəf indi əmindir ki, yeni bir döyüş əməliyyatı sonrakı danışıqlarda onların mövqeyini yalnız gücləndirəcək.

Amma analitiklər qeyd edirlər ki, Tehran Trampın növbəti müharibəni daha böyük qəddarlıqla aparacağına əmin olduğu üçün İran strateqləri strateji məqsəd və vəzifələrin spektrini genişləndirərək daha geniş və cəzalandırıcı cavab kampaniyası hazırlayırlar.

Əvvəla, İran rəsmiləri daim Birləşmiş Ərəb Əmirliklərinə strateji ziyanı maksimum dərəcədə artırmaq barədə danışır, Əbu-Dabinin əvvəlki münaqişədəki fəal rolunu, İsraillə dərinləşən və getdikcə daha açıq tərəfdaşlığını və Trampı hərbi əməliyyatları bərpa etməyə inandırmaq cəhdlərini vurğulayırlar. Güman edilir ki, Tehran, çox ehtimal, BƏƏ-dəki ABŞ məlumat mərkəzlərini hədəf alacaq ki, bu da “bir güllə ilə bir neçə dovşan vurmaq” olacaq. İran rəsmiləri iddia edirlər ki, bu Amerika texnologiya şirkətləri Pentaqona dəstək səbəbindən artıq münaqişəyə ortaq olublar. Eyni zamanda, Tehran BƏƏ-nin süni intellekt üçün qlobal mərkəz olmaq istəklərini pozmaq və bununla da Vaşinqtonun Çinlə rəqabətində qanadlarını kəsmək üçün bir fürsət görür.

Bu, həmçinin İranın gələcək müharibədəki strategiyasının ikinci bir xüsusiyyətini ortaya qoyur. Tehran hesab edir ki, Tramp və ailəsi bu texnologiya şirkətlərində paya sahibdirlər. Şərhçilər yazırlar ki, İran münaqişənin ilkin mərhələsində Trampın şəxsi biznes maraqlarını hədəf almaqdan açıq şəkildə çəkinib, lakin indi bu vasitədən də istifadə etməyə hazırdır. Məntiq sadədir: Tramp Amerikanın strateji maraqlarına dəyən ziyana dözə bilər, lakin öz maliyyə imperiyasına dəyən ziyana kəskin reaksiya verəcək. Bu, Tramp üçün xərcləri artırar və o, real danışıqlar mövqeyi tutmağa daha çox hazır ola bilər.

Üçüncüsü, Fars körfəzinin digər ərəb dövlətlərinin ABŞ və ya İsrailin öz ərazilərindən və ya hava məkanlarından hərbi məqsədlər üçün istifadə etməsinə icazə verdiyinə dair dəlillər ortaya çıxsa, Tehranın əvvəlki təmkinindən imtina edəcəyi şübhə doğurmur. Nəticə daha böyük və daha təhlükəli üfüqi eskalasiya ilə nəticələnəcək və vacib enerji infrastrukturu təhlükəyə məruz qalsa, qlobal iqtisadiyyat üçün potensial fəlakətli nəticələrə səbəb olacaq.

Rəsmi Tehran artıq ciddi xəbərdarlıqlarını qonşu ərəb dövlətlərinə çatdırıb. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi Yaxın Şərq ölkələrini son hadisələrdən dərs çıxarmağa çağırıb və ABŞ-ın bölgədəki mövcudluğunun inkişafa və iqtisadi rifaha ciddi təhlükə yaratdığını vurğulayıb. O, həmçinin regional dövlətlərin ərazilərini "təcavüzkarlara" təslim etməsini pisləyib.

Dördüncüsü, Qırmızı dəniz oyuna qoşulacaq. Bu, münaqişənin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək və onsuz da dəyişkən olan neft qiymətlərini daha da artıracaq.

Nəhayət, Tehran getdikcə Fars körfəzindəki əsas dənizaltı fiber-optik kabellərini bağlamağı da hesaba alır. Körfəz dövlətlərinin internet trafikinin əsas hissəsi, eləcə də milyardlarla dollarlıq maliyyə əməliyyatları bu arteriyalardan keçir. İran rəsmiləri bunu getdikcə daha çox – qlobal iqtisadiyyatı misli görünməmiş şəkildə poza biləcək yeni güclü təsir nöqtəsi – “ikinci Hörmüz” – kimi görürlər.

Müharibənin yenidən başlaması elə də qaçılmaz görünmür. Lakin, nə qədər ki, hər iki tərəf yeni hərbi əməliyyatların danışıqlar stolunda onların mövqelərini gücləndirəcəyinə inanır, bu məntiq nə qədər irrasional olsa da, münaqişəyə maraq bir o qədər güclənir.

Maraqlıdır ki, müharibənin yenidən başlamasının an məsələsi olduğu bir vaxtda ABŞ-da daxili siyasi gərginlik artmağa başlayıb. Bu məsələdə Ağ Evin hazırkı sahibinin əsl rəqibi Amerika prezidenti ilə gərgin münasibətlərdə olan Demokrat Partiyası və onun media düşərgəsidir. Bu qüvvələr Ağ Evin sahibi Çinə səfər edərkən, İranla münaqişə zamanı Amerika hərbi itkiləri barədə real məlumatlarla Trampın və ABŞ-ın nüfuzuna güclü zərbə vurublar.

“The New York Times” qəzeti məqalələrində açıqlayıb ki, son müharibədə İran ABŞ-la müqayisədə çox az zərər görüb. Amma buna baxmayaraq, Tramp administrasiyası ABŞ-ın uğursuzluğunu parlaq qələbə kimi qələmə verməyə çalışır. Münaqişə zamanı ABŞ ordusu ən bahalı sursatını – 1000-dən çox bahalı “Tomahawk” raketini, 1100-dən çox “AGM-158 JASSM” gizli hava-yer raketini və on minlərlə dəqiq idarə olunan bombanı sərf edib. “Lakin bu qədər böyük xərclər yalnız utancverici nəticələrə gətirib çıxardı. Trampın İran hava hücumundan müdafiə sistemlərinin 80 faizinin məhv edildiyini iddia etməsinə baxmayaraq, Tehran raket komplekslərinin yalnız az bir hissəsini itirib. ABŞ ordusu üçün daha utancverici hal odur ki, ən azı 1300 “Patriot-3 raketi” və 200-dən çox “THAAD” raketi xərcləsələr də, onlar yenə də Yaxın Şərqdəki hərbi bazaları, radarları və digər obyektləri səmərəli şəkildə qoruya bilməyiblər. Bu vacib sistemlər İranın hücumlarından ciddi ziyan görüb”. Qəzetin yazdığına görə raket ehtiyatının doldurulması iki-dörd il çəkəcək. Bu qiymətləndirmə Tramp administrasiyası üçün gözlənilməz bir hadisə oldu.

Bu azmış kimi, “The Washington Times” nəşri də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatların əsasını təşkil etdiyi halda, digər körfəz dövlətlərinin də münaqişədə iştirak etdiyini açıqlayıb. Bildirilib ki, Dubayın “Burj Al Arab” otelinə edilən hücumlara cavab olaraq Birləşmiş Ərəb Əmirlikləri qırıcı təyyarələri havaya qaldırıb. Bundan əlavə, “Reuters” Səudiyyə Ərəbistanının İrana zərbələri barədə məlumat əldə edib. Bu o deməkdir ki, vəziyyəti dəyişə bilməyən çoxmillətli bir qüvvə formalaşıb, lakin İran məğlub edilməyib. Bu koalisiyanın səmərəsizliyi ABŞ-ın rəhbərlik etdiyi hərbi əməliyyatların ümidsiz uğursuzluq hissini daha da gücləndirib.

“The New York Times” qəzetinin ətraflı hesabatında İranın koalisiyanın aramsız zərbələrinə dözümlülüyü də açıq qeyd edilir. Bildirilir ki, Tehran otuz raket bazası olan geniş möhkəmləndirilmiş yeraltı qurğular şəbəkəsinə malikdir. Amerika-İsrail koalisiyasının hava hücumları bu qurğulardan yalnız üçünə zərər vura bilib və onlar isə tez bir zamanda təmir edilib. ABŞ-ın intensiv bombardmanına baxmayaraq, hər bir baza bir gündən az müddətdə təmir edilib.

İranın raket qabiliyyətinin elə də ciddi zəifləmədiyini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də təsdiqləyir. Dözümlülüyünə və ordusunu tez bir zamanda yenidən qurmaq qabiliyyətinə görə İran dünya tərəfindən “Stalinqrad” kimi qəbul edilir. Bütün bunlar belə təəssürat yaradır ki, bir vaxtlar məğlubedilməz supergüc olan ABŞ şübhəli hərbi macəralarla üzləşib və onun əvvəlki şöhrətindən yalnız xatirələr qalıb.

P.S. Yazını çapa hazırladığımız bir vaxtda “Bloomberg” agentliyi məlumat verdi ki, ABŞ prezidenti Donald Tramp Fars körfəsi ölkələri liderlərinin münaqişəyə diplomatik həll yolu tapmaq üçün daha çox vaxt istəməsindən sonra 19 may tarixində İrana planlaşdırılan hücumu ləğv edib. Ağ Evin sahibi deyib: “Mən bunu bir müddət, ümid edirəm ki, həmişəlik, amma bəlkə də bir müddət təxirə saldım, çünki İranla çox vacib danışıqlar apardıq və görək bu, hara aparıb çıxaracaq”.

Tramp sonra deyib: “Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və bəzi digər ölkələr məndən, danışıqları iki və ya üç gün, qısa bir müddət təxirə sala biləcəyimizi soruşdular, çünki onlar razılığa yaxın olduqlarını düşünürlər”.

Bu qısa fasilə də savaşdan daha qiymətlidir. Əlbəttə, əgər sülhə gətirib çıxarsa.

Hazırladı:İlqar RÜSTƏMOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr