AZ

WUF13: Bakıdan dünyaya mesaj ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal platformalarda artan rolunu bir daha nümayiş etdirdi. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev şəhərsalma, dayanıqlı inkişaf, memarlıq irsi və ətraf mühitin qorunması ilə bağlı mühüm mesajlar verdi.

Dövlət başçısı tədbirin miqyasının olduqca böyük olduğunu vurğulayaraq bildirdi ki, forumda dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu fakt Bakının artıq beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrildiyini göstərir. Prezident qeyd etdi ki, belə nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ölkəyə olan beynəlxalq etimadın göstəricisidir. Dövlət başçısı qeyd etdi ki, bu tədbir Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir.

Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi və mədəni irsindən də bəhs etdi. O bildirdi ki, Azərbaycan xalqı təkcə musiqisi və poeziyası ilə deyil, həm də memarlıq nümunələri ilə qədim tarixini yaşadır. Dövlət başçısının sözlərinə görə, ölkənin müxtəlif bölgələrində yerləşən tarixi abidələr, qədim şəhərlər və müasir memarlıq layihələri Azərbaycanın mədəni kimliyinin ayrılmaz hissəsidir. Prezidentin “Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq” fikri forum iştirakçıları tərəfindən maraqla qarşılandı.

Prezident çıxışında şəhərsalmanın yalnız yeni binaların inşası deyil, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsi ilə bağlı olduğunu vurğuladı. O qeyd etdi ki, müasir şəhərlər ekoloji baxımdan dayanıqlı, təhlükəsiz və insan yönümlü olmalıdır. Bu baxımdan Azərbaycan son illərdə xüsusilə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinə böyük önəm verir.

Dövlət başçısı ətraf mühit məsələlərinə də xüsusi toxundu. Prezident bildirdi ki, Azərbaycan ekoloji problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atıb və bu sahədə görüləcək işlər hələ də çoxdur. “Biz ətraf mühit sahəsində çox işləri görməli olduq” deyən Prezident, xüsusilə uzun illər ərzində ekoloji problemlərlə üzləşmiş ərazilərdə geniş bərpa proqramlarının həyata keçirildiyini diqqətə çatdırdı. O vurğuladı ki, şəhərsalma siyasəti ekoloji tarazlıq və təbii resursların qorunması prinsiplərinə əsaslanmalıdır.

Çıxış zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri də xüsusi qeyd edildi. Prezident İlham Əliyev bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində ən müasir standartlara cavab verən yaşayış məntəqələri qurulur. Bu layihələrdə alternativ enerji mənbələrindən istifadə, yaşıl texnologiyaların tətbiqi və rəqəmsal idarəetmə əsas prioritetlərdən biridir.

Forum iştirakçıları Prezidentin çıxışını böyük maraqla qarşılayaraq Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsini yüksək qiymətləndirdilər. WUF13 çərçivəsində aparılan müzakirələr şəhərlərin gələcəyi, urbanizasiya problemləri və ekoloji çağırışların həlli baxımından mühüm əhəmiyyət daşıdı.

Nəticə etibarilə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində artan rolunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı isə müasir şəhərsalma, milli-mədəni irsin qorunması və ətraf mühitin mühafizəsi sahəsində Azərbaycanın strateji baxışını əks etdirən mühüm mesaj kimi yadda qaldı.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
sesqazeti.az

1Mənbələr