AZ

Ukrayna dronları Rusiyaya kabus yaşadır – Ölkənin dörd bir tərəfindən partlayış səsləri

Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) və raketlərlə Rusiyanın daxili sənaye mərkəzlərinə qarşı həyata keçirdiyi kütləvi hücumlar ölkəni xaosa sürükləyib. Eyni vaxtda strateji müəssisələrin və şəhərlərin hədəf alınması Rusiyanın hava hücumundan müdafiə sistemlərinin iflic olduğunu nümayiş etdirir.

Musavat.com xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Nijni Novqorodun cənub-şərqində, xüsusilə Kstovo şəhərində səhər saat 04:00-dan başlayaraq güclü partlayış səsləri eşidilib. Bölgənin qubernatoru Qleb Nikitin "iki sənaye obyektində" yanğın başladığını rəsmən etiraf etsə də, onların adlarını gizlətməyə çalışıb. Lakin yerli sakinlərin yaydığı və Ukraynanın "Exilenova+" OSINT layihəsinin dərc etdiyi görüntülərdən məlum olub ki, Kstovonun əsas müəssisəsi sayılan "Lukoyl-Nijeqorodnefteorqsintel" neft emalı zavodunda (NEZ) dəhşətli yanğın başlayıb. Bu strateji obyektin mayın 18-də də hücuma məruz qaldığı bildirilir. Rusiya iqtisadiyyatının onurğa sütunu olan bu neft nəhənginin vurulması ölkədə yanacaq böhranını alovlandıra bilər.

Eyni zamanda, Rəzan vilayətinin qubernatoru Nijni Novqorodla sərhəddə yerləşən Kasimov rayonunda Ukrayna dronlarının zərbələri nəticəsində yaşayış evlərinin ciddi zərər gördüyünü bəyan edib. Digər tərəfdən, Stavropol diyarında Nevinnomıssk şəhərinin sənaye zonası da PUA-ların kütləvi hücumuna məruz qalıb. "Astra" nəşrinin yaydığı fotolarda "Evroxim" tərkibinə daxil olan, gübrə və ammonyak istehsal edən "Nevinnomısski azot" zavodunun yerləşdiyi ərazidən göyə ucalan alov və parlaqlıq aydın görünür. Regional rəhbərlik isə hələlik dağıntıların miqyasını gizlətməyə üstünlük verir.

Digər tərəfdən, Belqorod şəhəri və ətraf rayonlar güclü raket atəşinə tutulub. Vilayətin Operativ Qərargahı raketlərdən birinin çoxmərtəbəli yaşayış binasının damını dağıtdığını, digər fəsadların isə hazırda dəqiqləşdirildiyini açıqlayıb. Hücum dalğası Rusiyanın şimal paytaxtına qədər uzanıb; Leninqrad vilayətində səhər saatlarında PUA təhlükəsi elan edilib, bir pilotsuz aparatın vurulduğu deyilir. Baş vermiş kütləvi hücumlar səbəbindən Sankt-Peterburqun beynəlxalq aeroportu uçuşlar üçün tamamilə qapadılıb. Yerli hakimiyyət orqanları hərbi təhlükəsizlik tədbirləri çərçivəsində regionda mobil internetin sürətinin kəskin şəkildə aşağı salına biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Musavat.com

Seçilən
25
19
musavat.com

10Mənbələr