“İran Azərbaycan və Türkiyəyə heç vaxt heç bir zərbə endirməyib”.
Bunu İran Ali Hərbi Şurasının sədri, ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib.
“Müharibə başlayandan bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərindən gələn hər şeyi etdi. Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar. Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı. Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir”, - Səfəvi qeyd edib.

Ardınca o, Ermənistanı İrana dost ölkə adlandıraraq deyib: “Ermənistanın Avropa ilə münasibətlərini normal qarşılayırıq, çünki Avropa müharibədə ideal olmasa da, qənaətbəxş davrandı. Buna baxmayaraq, Ermənistanın ABŞ əsgərini bölgəyə gətirmək istəyi İran üçün suallar doğurur”.
Səfəvi bununla İrəvana nəyin mesajını verir?
Politoloq Züriyə Qarayevanın Musavat.com-a bildirdiyinə görə, İran Ermənistanı Gürcüstana və oradan da Avropaya çıxış sərhədi kimi görür. Onun fikrincə, Tehranın İrəvanı əzizləməsinin əsas səbəbi məhz bu logistikadır. Ekspert hesab edir ki, bununla yanaşı, Paşinyan administrasiyasının ABŞ və Avropa İttifaqı ilə yaxınlaşması İranın xoşuna gəlmir: “Təkcə İran deyil, Rusiya da bu siyasətin əleyhinədir və ondan strateji seçimi tələb edir. Ona görə İran düşməni olan ABŞ-nin bölgəyə yerləşməsinə qarşıdır və bunu açıq surətdə Ermənistana çatdırır. Amma İrəvan Tehranın maraqlarını nəzərə almağa çalışacaq. Ən azından onun sərhədlərinə hər hansı hərbi kontingent yerləşdirməyəcək”.

ABŞ əsgərlərinin Ermənistana yerləşməsinin imzalanan xartiyadan irəli gəldiyin deyən Z.Qarayevanın sözlərinə görə, Tramp dövründə bu istiqamət addım atılmadığını xatırladıb: “Ermənistanda ABŞ kəşfiyyatı var və səfirlikdə yerləşib. Onlar hakimiyyəti mühafizə edir. İstisna deyil ki, İranla sərhəddə də müəyyən kəşfiyyat xarakterli addımlar atırlar. Amma Tehran erməni tərəfi ilə münasibətlərdə ehtiyatlı davranır ki, əlaqələri korlamasın. Ona Ermənistanla münasibətlər yollar baxımından lazımdır. Avropaya gəldikdə, Səfəvi özü də etiraf edir ki, müharibədə qənaətbəxş mövqe sərgiləyiblər. İran Avropa dövlətləri ilə əlaqələri davam etdirməyə çalışır. Sadəcə, Avropa İttifaqı missiyasının fəaliyyəti Tehranı qane etməyə bilər. Ümumiyyətlə, İran və Rusiya Ermənistanın regiona kənar gücləri cəlb etməsinin əleyhinədirlər”.
Emil Salamoğlu
Musavat.com