AZ

​Bu yoldakı əyri xətlər sürücüləri çaş baş saldı Ekspertlər məsələyə aydınlıq gətirdi + VİDEO

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Nəsimi rayonu ərazisində, Vaqif prospektində aparılan yeni yol nişanlanması sürücülərin narazılığına səbəb olub.

“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yolun bəzi hissələrində çəkilən ziqzaqvari xətlənmələrin sürücülər üçün əlavə çətinlik yaratdığı iddia edilir. Sürücülərin sözlərinə görə, yeni hərəkət sxemi yolda istiqamət seçimini çətinləşdirir, xüsusilə pik saatlarda nəqliyyat axınında qarışıqlıq yaradır. Onlar bildirirlər ki, xətlənmənin bu formada təşkili manevr imkanlarını məhdudlaşdırır və bəzi hallarda qəza riskini artırır.

Bu barədə “AzPolitika”ya danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, paytaxt yollarında tətbiq edilən yeni hərəkət sxemləri bəzi sürücülərdə çaşqınlıq yaratsa da, məqsəd əsas magistral yollarda nəqliyyat axınının daha səmərəli təşkili və sıxlığın azaldılmasıdır.

O, qeyd edib ki, son dəyişikliklər zamanı sola dönüş zolaqları ayrılıb və bu səbəbdən də yolun ümumi görünüşündə fərqlilik yaranıb.

Raqif Raufoğlu

Ekspertin sözlərinə görə, mövcud layihədə zolaqların ölçülərində müəyyən dəyişikliklər edilib və bəzi hissələrdə yol bir qədər daraldılıb. Bunun əsas məqsədi isə əlavə hərəkət sahəsi yaratmaq və avtomobillərin axınını daha optimal istiqamətləndirməkdir.

Raqif Raufoğlu vurğulayıb ki, oxşar praktika paytaxtın digər ərazilərində də tətbiq olunur:“Məsələn, Rəşid Behbudov küçəsində də belə xətlər var. Orada da sola dönmələr ayrıca ayrılıb. Məqsəd əsas yola təsirin minimuma endirilməsidir. Bu səbəbdən də müəyyən hissələrdə zolaqlar qısaldılıb və əlavə sahə yaratmağa çalışıblar”, – deyə ekspert bildirib.

Nəqliyyat eksperti Elməddin Muradlı isə hesab edir ki, bu cür yanaşmalar beynəlxalq təcrübədə var, lakin hər yerdə tətbiq edilmir: “Bu cür hərəkət trayektoriyaları avtomobillərin daha aşağı sürətlə hərəkət etməsi və təhlükəli manevrlərin qarşısının alınması üçün tətbiq olunur. Əsas məqsəd sürətin azaldılmasıdır. Amma təbii ki, bizim sürücülər sürət sevdalısıdır və daha yüksək sürətlə hərəkət etməyə çalışırlar”.

Elməddin Muradlı

Ekspertin sözlərinə görə, bu yolda hərəkətin belə təşkil olunmasının başqa bir mexanizmi də var:“Məsələn, geriyə dönmə, sola və sağa dönmə yerlərində yalnız sağa dönənlər, yalnız sola dönənlər üçün trayektoriya müəyyənləşir. Sürücü artıq əvvəlcədən sağa dönəcəksə, sağ zolağı tutur, sola dönəcəksə sol zolağı tutur. Yəni bu, əvvəlcədən müəyyən edilir. Sürücülərimiz bu qaydalara nə vaxt öyrəşəcək, nə vaxt bunu normal mexanizm kimi qəbul edəcək, demək çətindir.

Amma bir daha deyirəm, bunu hər yerdə tətbiq etmək olmaz. Çünki bir çox ərazilərdə təhlükəli döngələr, nöqtələr var. Belə zolaqların həmin ərazilərə çəkilməsi qəza riskini artıra bilər. Və yaxud da bu cür davranışları vərdişə çevirməyən insanlar demək olar ki, hər gün qayda pozmuş sayılacaqlar. Mən bəzən görürəm ki, bəzi sürücülər əvvəl öyrəşdikləri qaydalarla hərəkət edirlər, bu da düzgün deyil. Yerdəki zolaqlara diqqət etmək lazımdır”.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbayca Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladığımız sorğu cavabsız qalıb.

E. Bəyməmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
azpolitika.info

1Mənbələr