Biznes və İnnovasiya Mərkəzi Dünya Şəhərsalma Forumu üçün tamamilə yeni bir təşəbbüsdür.
APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.
"İlk dəfədir ki, Dünya Şəhər Forumunda belə bir platforma yaradılır və UN-Habitat bizimlə məsləhətləşmələr əsasında biznes nümayəndələrinin, startapların və innovatorların bir araya gəlməsi üçün ayrıca bir məkan yaratmağa qərar verdi. Burada onlar yalnız siyasətçilərlə deyil, bir-biriləri ilə də ünsiyyət qururlar", - Gülşən Rzayeva qeyd edib.
Onun sözlərinə görə, forumun məqsədi yalnız siyasət sahəsindəki çətinlikləri və problemləri müzakirə etmək deyil, həm də müxtəlif tərəfdaşları bir araya gətirmək, münasibətlər və tərəfdaşlıqlar qurmaqdır.