AZ

“İqlim hədəfləri şəhər planlaşdırılmasının ayrılmaz hissəsinə çevrilməlidir” - Ağakərim Səmədzadə

“İqlim hədəfləri şəhər planlaşdırılması, urban inkişaf və dövlət siyasətlərinin ayrılmaz hissəsinə çevrilməlidir. Bu yanaşma şəhərlərin daha dayanıqlı, aşağı karbon emissiyalı və sosial baxımdan daha inklüziv olmasına kömək edəcək”.

SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində “İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda keçirilən sessiyada deyib.

Ağakərim Səmədzadə bildirib ki, sürətli urbanizasiya dövründə şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, həm infrastruktur layihələrində, həm də yaşayış məntəqələrinin inkişaf strategiyalarında ekoloji və təbiət əsaslı həllərin nəzərə alınması vacibdir.

Birinci müavin qeyd edib ki, qlobal səviyyədə bu həllərin geniş tətbiqi üçün iqlim maliyyəsinə çıxışın artırılması və texnologiya transferinin gücləndirilməsi əsas şərtlərdəndir.

Ağakərim Səmədzadə vurğulayıb ki, COP29 çərçivəsində razılaşdırılmış yeni maliyyə hədəfləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “İnkişaf etməkdə olan ölkələrin iqlim layihələrini həyata keçirməsi üçün davamlı maliyyə dəstəyi olduqca vacibdir”.

O əlavə edib ki, şəhərlərin gələcəyi yalnız iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də ekoloji dayanıqlıq və insanların həyat keyfiyyəti ilə ölçülməlidir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
49
sia.az

1Mənbələr