BAKI, 20 may. TELEQRAF
Son 15 ildə Azərbaycanda plastik qablaşdırma məhsullarının istehlakı təxminən 5 dəfə, istehsalı 6.5 dəfə artıb.
Teleqraf xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, Əgər tədbir görülməzsə, 2060-cı ilə qədər plastik tullantıların həcmi 3 dəfə arta bilər:
"Dünyada hər il təxminən 430 milyon ton plastik istehsal olunur. Bunun böyük hissəsi qısa müddətli istifadədən sonra tullantıya çevrilir. Tullantıların təxminən 90%-i ya yandırılır, ya da ətraf mühitə atılır. Əgər mövcud tendensiya davam edərsə, 2060-cı ilə qədər dünyada plastik tullantıların həcmi 3 dəfə arta bilər. Adambaşına düşən plastik tullantıların həcmi ölkələr üzrə fərqlənir. Avropa İttifaqı ölkələrində bu göstərici təxminən 16 kiloqramdırsa, dünya üzrə orta göstərici 13 kiloqram, Azərbaycanda isə təxminən 14–15 kiloqramdır. Plastik tullantıların təkrar emalı Avropa İttifaqı ölkələrində təxminən 95%, Asiya-Sakit Okean bölgəsində 12%, Azərbaycanda isə təxminən 14–15% səviyyəsindədir".