AZ

Bu dil bölünməyən torpağım oldu... - Günün şeiri

Kulis.az Təvəkkül Boysunarın "Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi" yazısını təqdim edir.

Hadisə belə vaqe oldu ki, mən gündəlik avaraçılığımın axırlarına yaxın feysbuka girərkən gənc bir yazıçımızın kitabı haqqında rəy bildirən bir oxucunun uzun statusuna rast gəldim və o statusun şərh bölməsinə keçərkən də gördüm ki, hörmətli yazıçımız Mirmehdi bəy Ağaoğlu öz şərhində belə bir cümlə yazıb:

“Mirzə Cəlil məsələsində 99 faiz haqlıdır, Mirzənin əksər hekayələri əhvalatdır”.

Status müəllifinin "Mirzə Cəlilin bütün hekayələri, əslində, hekayə yox, əhvalatdır" bəyanatına Mirmehdi bəyin 99 faiz haqq verməyindən belə bir riyazi nəticə hasil olur ki, onun fikrincə, Mirzə Cəlilin hekayələrinin 99 faizi bizə hekayə adıyla sırınan, amma, əslində, hekayə janrının tələblərinə cavab verməyən, bu səbəbdən də olsa-olsa əhvalat adlana biləcək mətnlər imiş.

Əlbəttə, uzun illər ərzində Mirzə Cəlil haqqında bilib-bilmədən danışan çox yazı-pozu adamı, çox cızmaqaraçı gördüyümüz üçün bu şərh bizdə bir elə təəccüb doğurmamalıydı.

Lakin bu işin əmması orasındaydı ki, o adamlar heç olmasa Cəlil Məmmədquluzadənin mövzularına, guya xalqı lazımından bir az artıq danlamağına ilişirdilər, amma Mirmehdi bəy bu dəfə Mirzə Cəlilə hekayə janrı ilə bağlı dərs keçmək niyyətindəydi.

Bu yerdə adam sadəcə qəh-qəh çəkib “ha-ha-ha” eləmək istəyir.

Mirmehdi Ağaoğlu Cəlil Məmmədquluzadəyə hekayə janrıyla bağlı dərs keçmək istəyir.

Dəhşət, dəhşət...

Mirmehdi Ağaoğlu Cəlil Məmmədquluzadəyə hekayə janrıyla bağlı dərs keçmək istəyir.

Sən demə, biz bilməmişik, Cəlilin yazdıqları hekayə-zad deyilmiş. Sən demə, Cəlil özünü aldatmaq o tərəfə, bizləri də illər boyu aldadıbmış. Və indi 21-ci əsrin 26-cı ilində Mirmehdi Ağaoğlu bəy öz dahiyanə qənaəti ilə belə bir şok həqiqəti, belə bir sensasiyanı üzə çıxarıbmış ki, bəs, biz xəbərsiz qalmışıq, əslində, Cəlilin yazdıqlarına hekayə-zad demək olmazmış, onlar vur-tut əhvalat imiş.

Öz-özümə bir də dedim: vay, vay, vay, tifağın dağılsın, ay Mirzə Cəlil. Gör sən nə günlərə qaldın. Ömrün də Nuh qədər uzun olmadı ki, gəlib 21-ci əsrin bu illərinə çıxasan və Mirmehdi Ağaoğlu kimi usta yazıçılarımızın ədəbiyyat söhbətlərində, hekayə dərslərində birbaşa özün iştirak edəsən, nəyi necə yazmaq lazım olduğunu da Mirmehdi bəydən öyrənəsən.

Əlbəttə, bu səadət sənə nəsib olmadı, sən indi bizim bu ədəbi mühitimizə olsa-olsa öz gözəgörünməz ruhunla təşrif buyura, böyük ustad Mirmehdi Ağaoğlunun auditoriya qarşısındakı proza dərslərini ancaq öz ruhunla dinləyə bilərsən ki, belə olduqda da, nə o kölgəvari əlinə qələm götürüb Mirmehdi bəyin ağzından dürr kimi tökülən hekayə sirlərini bir dəftərə qeyd edə biləcəksən, nə də əlini qaldırıb Mirmehdi bəydən icazə ala, "müəllim, olar bir sual verim?" deyərək ona – o böyük ustada, o hekayə bilicisinə, o hekayə sərrafına müraciət edə biləcəksən.

Amma, bəlkə, vaxtında ölüb getməyinin bir faydası da elə buymuş.

Mirmehdi bəyin şərhinə bir az “ha, ha, ha” edəndən sonra qəfildən ağlıma gəldi ki, a kişi, bir dəqiqə, niyə belə tələsik qərar çıxarırsan, niyə haqsızlıq edirsən, madam ki, hörmətli yazıçımız bu qədər iddialı bir fikir səsləndirib, bəlkə, sən bilmirsən, Mirmehdi bəyin, yəqin, Heminquey, Coys səviyyəsində şedevr hekayələri var, yəni dəyərli yazıçımız, ola bilsin, Mirzə Cəlili çoxdan öz mətnləri ilə arxada qoyduğu üçün ona hekayə janrı ilə bağlı dərs keçmək sevdasına düşüb.

Bəli, bu ədalət duyğusu məni məcbur etdi ki, mən Mirmehdi bəyin yaradıcılığı ilə bağlı düşünməyə başlayım və xatırlamağa çalışım ki, onun yaradıcılığından nələri oxumuşam.

Bu dəmdə yadıma düşdü ki, bir neçə il öncə bir yazıçı dost Mirmehdi bəyin neçənci günsə adında olan, adı nəsə buna bənzər bir hekayəsini mənə göndərmişdi və mən o hekayənin axırına çıxınca ömrümdən az qala o hekayənin adındakı günlər qədər gün getmişdi. Yəni 58-mi ya, 85-mi... İndi bu dəqiqə Quqldan o hekayənin adına baxıb, siz dəyərli oxucular üçün dəqiq qeyd edəcəm.

Bəli, baxıldı. “85-ci gün”. Hekayənin adı beləymiş.

Yəni bir adamın ömründən az qala 85 gün aparan, sıxıcılığı, maraqsızlığı, saxtalığı, quramalığı, ilhamsızlığı, zorla yazılmaqlığı ilə adamı canından usandıran, mütaliədən soyudan, ədəbiyyatdan uzaqlaşdıran o hekayənin müəllifi Cəlil Məmmədquluzadəyə hekayə janrı ilə bağlı dərs demək istəyirmiş.

Nədənsə bu dəfə məndə artıq “ha, ha, ha” edərək gülmək yox, “ühü, ühü” edərək ağlamaq istəyi yarandı.

İstədim, bir risk eləyərək hekayəni yenə oxumağa çalışım ki, kiməsə haqsızlıq etmiş olmayım.

Hətta bu riskə gedərək hekayəni ordan-burdan oxumağa başladım da.

Hekayədəki obrazların adı, Santyaqo və Manolin imiş, hadisələr də Sevr dağının həndəvərində baş verirmiş.

Bəh, bəh.

Düşündüm, yəqin, hekayəsinə bu cür “sovremenniy” adlar, “sovremenniy” məkanlar seçdiyi üçündür ki, dəyərli yazıçımız Mirmehdi bəy, obrazlarına “Fatma xala”, “Novruzəli”, “Məmmədhəsən əmi” kimi adlar verən Mirzə Cəlili bəyənmir. Sonra tez də bu axmaq fikri beynimdən atdım və hekayəni başdan oxumağa cəhd elədim. Lakin ilk üç-dörd abzasda bu mətnin mənə ömrümdən yenə də azı beş-on gün itirmək bahasına başa gələcəyini hiss etdiyim üçün əl saxladım, göz saxladım, dayandım, durdum və birdən-birə yadıma düşdü ki, mən axı təxminən iki il öncə “Sonuncu aşiqlik” adlı kitabımı Mirmehdi bəyə vermişdim və bu yadıma düşcək yenə ədalət axtarışıyla öz əleyhimə faktlar axtarıb özümdən soruşdum ki, madam, belədir, o zaman, ay saxtakar adam, sən niyə kitabını yazıçı kimi bəyənmədiyin birinə verirdin?

Həmin an qərara gəldim ki, bütöv yaradıcılığı Mirzə Cəlilin ikicə hekayəsi ağırlığında olmayan yazıçı-şairlərimizin uzun illərdən bəri o böyük nasir haqqında hərzə-hədyan danışmaqlarına bu səfər də fikir verməyim, hər dəfə az-az içimə yığılan o qəzəbi bu dəfə də püskürməyim, bunu ən azından kitabımı verdiyim birinə qarşı etməyim və yazını elə o andaca dayandırıb ekrandakı zibil qutusuna atım.
Amma dərhal da ağlıma gəldi ki, Mirmehdi bəyin ən çox təqdir etdiyim tərəfi onun hər zaman, oxuduğu əsərlər, kitablar barədə yazı yazmağı olub və kitabı ona vermək səbəbimdə də məhz bu amil rol oynayıb.

Sonra isə ağlıma o da gəldi ki, bütöv yaradıcılığı Mirzə Cəlilin ikicə hekayəsi ağırlığında olmayan yazıçı-şairlərimizin, hətta jurnalistlərimizin, oxucularımızın da ədəbiyyata ən böyük faydası məhz yerli yazıçılarımızı oxumaq, onları təbliğ etmək, reklam etmək ola bilər. Eynən Mirmehdi bəy kimi.

Amma onlar da həddi aşmamalı, nə duya bilmədikləri Cəlili tənqid edərək özlərini gülünc vəziyyətə salmalı, nə də ölkə sərhədlərini keçib dünya ədəbiyyatı haqqında fikir bildirmək riskinə yol verməlidirlər.

Əlbəttə, Mirzə Cəlili, məsələn, Şəhriyar Heydərov kimi istedadlı bir şair tənqid etsə, bunu onun gözəl şeirlərinə, şair xarakterinə, dəlisovluğuna bağışlamaq olar, amma ən yaxşı hekayəsi “85-ci gün” olan bir yazıçı Mirzə Cəlil haqqında fikir bildirməzdən əvvəl ən azı 85 dəfə düşünməli, özünü 85 dəfə susmağa məcbur etməlidir.

Xoşbəxtlikdən, gecəyarısı olduğu üçün Mirmehdi bəyin digər hekayələrini xatırlamaq iznini özümə vermədim və yad, tənqidi gözlə baxmağı sınamaq üçün bu dəfə öz kitabımı rəfdən götürüb yatağıma getdim.

Seçilən
10
kulis.az

1Mənbələr