AZ

Bakı Tbilisi xətti: Sabitlikdən strateji gücə çevrilən tərəfdaşlıq

ain.az bildirir, Bizimyol portalına istinadən.

“Gürcüstan–Azərbaycan münasibətlərinin hazırkı səviyyəsinə gəldikdə isə əminliklə demək olar ki, bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və regionun ən sabit dövlətlərarası əməkdaşlıqlarından biri hesab olunur. Bu münasibətlər təkcə formal çərçivədə deyil, real əməkdaşlıq müstəvisində də özünü göstərir və artıq illərdir davamlı inkişaf xətti üzrə formalaşır”.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, iki ölkə arasında mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsi, beynəlxalq platformalarda bir-birini dəstəkləyən mövqelərin ifadə olunması bu tərəfdaşlığın əsas sütunlarındandır. Eyni zamanda, ərazi bütövlüyünə hörmət və beynəlxalq hüququn prinsiplərinin qarşılıqlı şəkildə dəstəklənməsi də münasibətlərin mühüm elementlərini təşkil edir.

“Regional təhlükəsizlik məsələləri də bu əməkdaşlıq çərçivəsində koordinasiyalı şəkildə həyata keçirilir ki, bunu cənab Prezidentin Gürcüstana son səfəri zamanı da açıq şəkildə müşahidə etdik. Azərbaycan eyni zamanda Gürcüstan üçün enerji sahəsində – xüsusilə qaz təchizatı və elektrik enerjisi əməkdaşlığında – əsas tərəfdaşlardan biridir”-deyən deputat bildirib ki, bununla yanaşı, SOCAR-ın Gürcüstanda ən böyük xarici investorlar sırasında yer alması da iqtisadi əlaqələrin dərinliyini göstərir. Gürcüstan isə Azərbaycan üçün Mərkəzi Asiyaya çıxış baxımından vacib tranzit ölkə kimi çıxış edir və bu baxımdan Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və liman layihələri strateji əhəmiyyət daşıyır.

Deputatın fikrincə, iki ölkə arasında humanitar əlaqələr də yüksək səviyyədədir. Xüsusilə turizm sahəsində Gürcüstan Azərbaycan vətəndaşları üçün əsas istiqamətlərdən biridir və hər il on minlərlə azərbaycanlı turist bu ölkəyə səfər edir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün də ciddi potensial mövcuddur.

“Azərbaycan–Gürcüstan əməkdaşlığı artıq ikitərəfli çərçivəni aşaraq daha geniş regional və beynəlxalq platformalara inteqrasiya olunub. Bu əməkdaşlıq Avropa İttifaqı, Çin, Türkiyə və Mərkəzi Asiya dövlətlərini də əhatə edən böyük bir inteqrasiya xəttinin mühüm hissəsinə çevrilib.

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı regionda həyata keçirilən bir çox mühüm layihələr üçün əsas platforma rolunu oynayır və beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyətə malikdir”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
bizimyol.info

1Mənbələr