AZ

Mübariz Qurbanlı: Azərbaycanın dağlıq əraziləri strateji resurs kimi inkişaf etdirilir

Azərbaycanın dağlıq əraziləri ölkənin balanslı regional inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı Bakıda keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.


Deputat bildirib ki, dağlıq ərazilər yalnız uzaq regionlar deyil, həm də yüksək turizm potensialına, ekoloji təmiz kənd təsərrüfatı imkanlarına, zəngin su və enerji resurslarına malik strateji ərazilərdir.

“Bu ərazilərin inkişafı əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və regionlarda dayanıqlı artımın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır”, - o qeyd edib.

Qurbanlı vurğulayıb ki, 2004–2023-cü illəri əhatə edən dövlət proqramlarında kənd və dağlıq ərazilərin inkişafı prioritet istiqamətlərdən biri olub. Bu yanaşma “Azərbaycan-2030” strategiyasında da əksini tapıb.

Deputat əlavə edib ki, əlçatmaz və dağlıq rayonların sakinləri üçün maaş əlavələri və sosial güzəştlər də tətbiq olunur.

O, “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını, həmin ərazilərin böyük hissəsinin dağlıq zonalarda yerləşdiyini bildirib.

“Qarabağ və Şərqi Zəngəzurda müasir nəqliyyat, enerji və rəqəmsal infrastruktur yaradılır, ağıllı kəndlər salınır, yeni iqtisadi imkanlar formalaşdırılır”,  - deputat qeyd edib.

Qurbanlı bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 20-dən çox iri sənaye müəssisəsində 85 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.

Deputat Azərbaycanın dağ turizmi potensialına da toxunaraq qeyd edib ki, ölkə ərazisinin təxminən 60%-ni Böyük və Kiçik Qafqaz, həmçinin Talış dağları təşkil edir.

Onun sözlərinə görə, Şahdağ Turizm Mərkəzi və Tufandağ Qış-Yay Turizm Kompleksi kimi turizm mərkəzləri ilə yanaşı, Xınalıq və Lahıc kimi yaşayış məntəqələrində ekoturizm və kənd turizmi inkişaf etdirilir.

Deputat əlavə edib ki, azad edilmiş ərazilər də tarixi olaraq yüksək turizm potensialına malik olub. O, xüsusilə Kəlbəcər rayonunun İstisu kurortu, Laçın rayonunun təbiəti və Şuşa şəhərinin tarixi-mədəni irsi ilə seçildiyini bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə yeni turizm obyektləri və infrastruktur layihələri həyata keçirilir və regionun ölkənin əsas turizm istiqamətlərindən birinə çevrilməsi istiqamətində iş aparılır.

Gülnar Nazimqızı

Seçilən
6
anews.az

1Mənbələr